01 iyun 2025 22:44
179

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

İyunun 1-də “Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Bədii hissədə "İrəvan ansamblı”nın ifasında mahnılar səsləndirildikdən sonra komandalar meydana daxil olublar.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çempionatın təşkilində əməyi keçənlərə təşəkkür edib.

İkinci dəfə keçirilən çempionatda Qərbi Azərbaycan rayonlarının adlarını daşıyan komandaların iştirakının qürurverici olduğunu deyən Ə. Ələkbərli bunu təkcə böyük idman hadisəsi deyil, həm də tarixi torpaqlarımız uğrunda mübarizəmizin tərkib hissəsi adlandırıb.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, çempionat təkcə idman hadisəsi yox, tarixi ədalətin bərpası üçün atacağımız çoxsaylı addımlardan biridir.

O deyib: "Biz Qərbi Azərbaycana qayıdacağıq. Heç birimizin buna qəti şübhəsi yoxdur. Bu turnir isə tarixi torpaqlarımızda keçiriləcək çempionata hazırlıqdır".

Digər çıxış edənlər də ikinci dəfə keçirilən çempionatın iştirakçılarına uğurlar arzulayıb, bu cür turnirlərin Azərbaycanın tarixi torpaqlarında da baş tatacağına inandıqlarını bildiriblər.

Açılış mərasimindən sonra "Allahverdi" və "Amasiya", "Loru mahalı" və "Qafan", "Barana" və "Hamamlı", "Gorus” və "Karvansaray" minifutbol komandaları üz-üzə gələcəklər.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən minifutbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədi daşıyır.

Turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komanda iştirak edir. Bunlar “Axta”, "Allahverdi, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.