Müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların azadlığı və öz müqəddəratlarını təyinetmə hüququ bəşəriyyətin ən fundamental haqlarından biridir. Birləşmiş Millətlər Təşkilatı (BMT) artıq uzun illərdir ki, dekolonizasiya prosesini irəli aparır və bu istiqamətdə müxtəlif addımlar atıb. Lakin təəssüf ki, müasir dövrdə belə bu proses dalana dirənmiş vəziyyətdədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Sent-Lüsiya) xanım June Christine Marie Soomer jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, hazırda BMT çərçivəsində fəaliyyət göstərən Dekolonizasiya Komitəsi (C24) ölkələrin müstəqilliyə hazır olub-olmadığını qiymətləndirir. “Ancaq şəxsi mövqeyimə görə, bu qiymətləndirmə prosesi əksər hallarda müstəmləkəçi ölkələrin maraqlarına xidmət edir. Dekolonizasiya prosesində əsas maraqlı tərəflər olan müstəmləkə altına alınmış xalqların bu meyarların müəyyən edilməsində iştirakının azlığı ciddi problemlər yaradır. BMT müstəmləkəçiliklə məşğul olan dövlətlərə qarşı daha qəti və məqsədyönlü çağırışlar etməli, bütün müstəmləkə altına alınmış xalqların öz müqəddəratını təyinetmə hüququnu təmin etməlidir”, - deyə o vurğulayıb.
“Azərbaycanın bu məsələdə səylərini isə yüksək qiymətləndirirəm. Bakıda ikinci dəfə olmağım mənim üçün böyük şərəfdir. Buradakı təşəbbüslər kolonializmlə bağlı dialoqun yenidən canlandırılması baxımından olduqca önəmlidir. Qarşımızda duran vəzifə aydındır - müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların haqları və səsi dünyada daha geniş tanınmalı, beynəlxalq təşkilatlar və dövlətlər bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Yalnız bu yolla biz ədalət və azadlıq prinsiplərinə əsaslanan yeni bir dünya qurmaq imkanına malik olacağıq”, - deyə June Christine Marie Soomer əlavə edib.