Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində bir daha qeyd etdi ki, Azərbaycan regionda yeni mühit formalaşdırdı
«Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.» Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində səsləndirdiyi bu fikirlərlə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafını əsaslı şəkildə diqqətə çatdırdı.
2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev dövrün tələbinə uğun olaraq bu hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik! Bu mühüm məqam da xüsusi vurğulandı ki, neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcək. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Bu çağırışlar ölkənin inkişafında təhsilin roluna işıq saldı. Ölkəmizdə elmin, təhsilin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda uğurlu inkişafa nail olaraq yeni hədəflər müəyyənləşdirilir. Dövlət büdcəsindən ayırmalarda da təhsil xərcləri xüsusi yer tutur. Müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin dayanması bir daha belə bir reallığı təsdiqləyir ki, hər bir ölkənin inkişafında müdafiə gücünün artırılması ilə yanaşı, təhsil, texniki tərəqqi əsasdır. Hazırkı dövrdə əsas hədəflərdən birinin azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin olduğunu da nəzərə alsaq burada da diqqət göstərilən əsas məsələlərdən biri təhsil müəssisələrinin bərpası və yenidən tikilməsidir. Bir sözlə, sosial layihələrin uğurlu icrası dövlətimizin iqtisadi siyasətində mühüm yer tutur.
Dövlətimizin başçısı İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində yüksək inkişafa nail olmuşuq. Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına xidmət edən addımları, təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri təhsilin inkişafı ilə bağlı layihələrin uğurlu icrasıdır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb yenidən tikilib, yaxud bərpa edilib. “Hər şagirdə bir kompyuter” prinsipi təhsilin inkişaf səviyyəsinin, yeni texnologiyaların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmişdir. Dövlətimizin möhkəm siyasi, iqtisadi təməllər üzərində qurulması və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi innovasion cəmiyyət quruculuğu prosesini daha da sürətləndirir. Azərbaycanın beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi nüfuz qazanması da bunun bariz nümunəsidir.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olundu. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir.
Yüksək keyfiyyətli təhsil məşğulluğun təmin olunmasının, iqtisadi səmərəliliyin, yoxsulluq riskinin azalmasının və nəhayət həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtlərindən biri hesab olunur. Tarixi Zəfərimizdən sonra təsdiqlənən və 5 əsas hədəfi özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də əsas çağırışlardan biri “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır. Sənəddə qeyd edilir ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət və vətəndaşların sağlam həyat tərzi.
Təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, əhalinin həyat səviyyəsi yüksəlir və yoxsulluq azalır. Təcrübə göstərir ki, yüksək bilik və bacarığa malik kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi də aşağı olur. Deməli, keyfiyyətli kadr potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. Daha geniş ifadə etsək, cəmiyyətlərin iqtisadi inkişafı təkcə iş və kapitaldan asılı deyil, eyni zamanda, texnologiyanın inkişafı ilə işçi qüvvəsinin texnoloji baxımdan keyfiyyətinin yaxşılaşdırılmasından da asılıdır.
Azərbaycan hər zaman dünyada yenilikçi ölkə kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Azərbaycanın bütün sahələrdə, o cümlədən idarəçilik sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi inkişaf modelinin nümunəviliyini təsdiqləyir.
Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün yeni texnologiyaların inkişafı və tətbiqi əsasdır. Azərbaycan brendi kimi tanınan «ASAN»ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. «ASAN xidmət» dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini, ümumilikdə təhsilin inkişafını təsdiqləyir. Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur. Milli Prioritetlərdə də belə bir çağırış edilir ki, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Sözügedən sənəddən irəli gələn vəzifələrin uğurlu icrası daha yüksək nəticələrə yol açacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında yeni üfüqlər açılır. Hazırda azad edilmiş torpaqlarımız şəhərsalmanın müasir təcrübəsini təqdim edir ki, bu da ölkəmizin kadr hazırlığına, yüksək təhsilə, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə verdiyi önəmin nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev ötən il 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra fevralın 14-də keçirilən andiçmə mərasimində «Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır» söyləyərək onu da əlavə etdi ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir: “Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik.»
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əgər vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq.
Günümüzün reallıqları bu çağırışın düşünülmüş siyasətin nəticəsində gerçəkliyə çevrildiyini təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyev bu məqamı da qeyd edir ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Yeganə Əliyeva, «İki sahil»