Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib.
“İki sahil” xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova ünvanlanan təbrik məktubunda deyilir:
“Hörmətli Orxan müəllim!
Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının oyunlarını ilk gündən biz veteranlar həm televiziya vasitəsilə, həm də oyun meydançasından canlı olaraq izlədik. Milli komandamızın oyunçuları bütün oyunlarda peşəkarlıq göstərərək final mərhələsinə qədəm qoydu. Futbolçularımızın final oyununda dünya çempionu titulunu qazanması Təşkilatımızı təmsil edən müxtəlif kateqoriyadan olan veteranları çox sevindirdi.
Futbolçularımız dünya çempionu olmaqla bütün Azərbaycana yeni qələbə sevinci bəxş etdi! Bu qələbə ilə onlar bir daha sübut etdilər ki, biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik.
Millimizin dünya çempionu olması idmanımızın, gənclərimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından qələbə münasibətilə Azərbaycan Minifutbol Federasiyasının bütün kollektivini - komandanın oyunçularını, məşqçilərini və mütəxəssislərini təbrik edirik. Bu qələbə sevincini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk".
Dərin hörmətlə,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov