05 iyun 2025 02:57
148

Paşinyan- Qaregin qarşıdurması dərinləşir

Ermənistanda kilsənin dövlət işlərində təsiri, rolu həmişə diqqətdə olub. Dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni diasporunun yardımları hesabına antitürk təbliğatında, müsəlmanlara qarşı əsrlərdən bəri aparılan etnik təmizləmə siyasətində və soyqırımlarda aparıcı qüvvə kimi qəddarlığını davam etdirən kilsənin din xadimləri dah çox terrorlara dəstək göstəriblər. Yeri gəldikdə erməni lobbisi ilə birləşərək hakimiyyətə qarşı təsir, təzyiq vasitəsi kimi istifadə olunan kilsələrdə ən qatı cinayətlərin planları belə hazırlanıb. Bu günlərdə işğalçı ölkədə yenidən alovlanan dövlət-din münasibətləri onsuz da mürəkkəbləşən ölkədaxili vəziyyəti daha da gərginləşdirib.

Ermənistanda korrupsiyanın çiçəklənməsində xüsusi rolu olan, Qarabağ münaqişəsində azərbaycanlılara qarşı aparılan soyqırımlarda iştiraklarını etiraf edən keçmiş prezidentlər Serjik Sarkisyanın və Robert Koçaryanın kereslo uğrunda mübarizələrinin fəallaşdığı bir zamanda Erməni Apostol Kilsəsində baş verənlər, bu ölkənin baş naziri Nikol Paşinyanla bütün ermənilərin katalikosu II Qaregin arasındakı ziddiyətlərin kəskinləşməsi siyasi gərginliyi daha da artırıb. Din amilindən yararlanmaqla türkofob niyyətini həyata keçirmək üçün sonradan peyda olmuş, erməni lobbisinin planları əsasında əhali arasında anti-Azərbaycan təbliğatını qızışdıran Baqrat şousundan sonra II Qareginin də hakimiyyətin siyasətinə barmaq uzatması Nikolun səbir kasasını daşırıb. Məqsədinə nail olmaq üçün Tavuş arxiyepiskopu Baqrat Qalstanyandan istifadə etsə də məqsədinə nail ola bilməyən Qareginin «müqəddəslik» maskasının iç üzünü göstərən Paşinyan məlum arqumentlərdən istifadə etməklə baş keşişi istefaya çığırıb. Bundan sonra siyasi rəhbərliklə kilsə arasındakı ziddiyyət daha da dərinləşib. Kilsənin bölgədə sülhün formalaşmasına qarşı tutduğu antitürk mövqe sirr deyil. Qareginin hakimiyyətə «həvəsləndirdiyi» Baqrat Qalstanyanın «bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam» sözlərindən də bəlli olur ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyasının ana xətti olub, bu ideya hələ də davam etməkdədir. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daim qızışdırıcı, təhrikedici tələblərin” səsləndirilməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb.

Elə əvvəlcədən də kilsənin ölkədə hər işə qarışmasından xoşlanmayan Paşinyanın dini məbədlərin standartlar əsasında fəaliyyət göstərməli olduğunu, ibadət yerlərinin əmlakına nəzarət mexanizminin formalaşdırılmasının vacibliyini rəsmi qaydada açıqlaması, kilsə əleyhinə ittihamlar səsləndirməsi Qareginin dindarları tərəfindən birmənalı qarşılanmayıb. Bütün dünya ictimaiyyəti də bilir ki, lobbiləri kimi, erməni kilsəsi tarixən dini məbəddən çox siyasi məsələlərlə məşğul olmaqla türklərə qarşı terror planlarının hazırlandığı mərkəzdir. Hakimiyyətə gəldiyi ilk gündən dini qurumların dövlət siyasətinə təsir imkanlarını məhdudlaşdıran Paşinyan dövlət tərəfindən məbədlərə ayırılan vəsaitləri belə azaltmışdı. Baş keşişə qarşı ittihamlarında kilsənin rəsmi deyil, vətəndaş nikahına üstünlük verməsinin yolverilməz olduğunu bildirən Paşinyan Qaregin başda olmaqla kilsənin digər xadimlərinə də barmaq silkələyib. Artıq sirr deyil ki, Ermənistana gətirilən silah-sursatların alış-verişində, saxlanılmasında kilsələrin rolu böyükdür.

İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda əlində avtomat, əynində ruhani paltarı olan keşişlərin şəkillərinin yayılması kilsənin xeyirxahlığa, insanlığa deyil, qana hərislik əməllərini də təsdiqlədi. II Qaregindən tutmuş, digər keşişlərin dini ayinlərə yaraşmayan, bəzi hallarda əxlaqsız hərəkətləri barədə ictimaiyyətdə məlumatların yayılması kilsəyə etimadı azaldır. Dini ayinlər zamanı belə ermənilər arasında anti-Azərbaycan təbliğatı aparan, gəncləri islamofobiya ruhunda tərbiyə edən, türkçülüyə qarşı mübarizəyə çağıran Apostol Kilsəsinin Tanrıya deyil, şeytana xidmət etdiyini təsdiqləyən faktlar da yetərincədir. Yaranan vəziyyətdən çıxış yolu kimi jurnalist dostları və blogerlərdən istifadə etməklə baş katolikosu hədəfə alan Paşinyan bu vasitə ilə gələn il keçiriləcək parlament seçkilərində mövqeyini möhkəmləndirmək üçün sabiq prezidentlər Serjik Sarkisyana, Robert Koçaryana yaxınlığı ilə diqqətçəkən kilsənin cəmiyyətdə mövqeyini xəfiflətmək planlarını da unutmur. Hakimiyyətləri dövründə əsas dayaq hesab etdikləri kilsədən yararlanmaqla korrupsiya əməllərini pərdələyən sabiqlərə qarşı mübarizəsini davam etdirən Paşinyan faktlara da əsaslanır. Parlamentin iclasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın atasının azərbaycanlı olmasını əsas gətirərək xalqda real rəqibləri «eks»lərə qarşı ittihamlarını gücləndirir. Hakimiyyətə qarşı yönələn bu cür təbliğatlara qarşı mübarizəsini kilsənin ictimaiyyət arasında nüfuzunu azaltmaqla davam etdirən baş nazir dini qurumların siyasi proseslərə təsirinin azaldılması istiqamətində fəaliyyətini davam etdirir. Özünə qarşı qüvvələri bəri başdan tərksilah etməyə çalışır.

Təbii ki, Qaregin də sakit durmur. Bu günlərdə İsveçrəyə səfər edərək paytaxt Bern şəhərində erməni icması ilə görüşündə «artsax»ın əhalisinin azalmasını, «hayların vətənlərindən iraq düşdüklərini narahatlıqla» bildirən baş keşiş haylar üçün həssas məqamlara da toxunur. Hazırda Azərbaycanın ədalət məhkəməsində soydaşlarımıza qarşı törətdkləri cinayətlərə görə cavab verən caniləri hərbi əsir adlandıran Qaregin hayların «Qarabağa qayıdışının vacibliyini» utanmadan tarixi borc kimi dəyərləndirib. Kilsənin məqsədi nədir? Guya Ermənistanın baş nazirinin səsləndirməli olduğu məsələlərin II Qareginin çıxışında yer alması o deməkdir ki, erməni əhalisinin taleyi mövcud hakimiyyətdən daha çox kilsəni düşündürür və narahat edir.

Paşinyanın Qərbə deyil, daha çox Ankaraya və Bakıya loyallıq nümayiş etdirməsi isə xalqa xəyanət kimi qələmə verilir. Maraqlı dairələr, Paşinyanın istefasını tələb edənlər isə din-hakimiyyət qarşıdurmasından istifadə edərək ölkədə daxili gərginliyi daha da qızışdırmaq üçün alternativ platforma yaratmağa çalışırlar. Ermənistan müxalifəti Paşinyanın kilsəyə qarşı bu addımlarının yaxın perspektivdə baş verə biləcək geosiyasi hadisələrlə əlaqələndirir. Bildirilir ki, baş nazir yeni münaqişə dalğası yaranacağı təqdirdə bunun məsuliyyətini kilsə də daxil olmaqla müxalifətin üzərinə yıxmaq üçün dini islahatlar adı ilə indidən özünü sığortalamağa çalışır. Bu məqamda deyilir ki, «İlanın ağına da lənət, qarasına. Da»

Bu cür təcriddən əsəbləşən II Qaregin və tərəfdarlarının İkinci Qarabağ müharibəsində məğlub olan Paşinyanı istefaya çağırmaları təsadüfi deyildi. Göründüyü kimi, həmişə din xadimlərindən şəxsi məqsədləri naminə istifadə edən rəqiblərinə siyasi təsir göstərən, «bir güllə ilə iki dovşan vurmaq» prinsipinə söykənən Paşinyan kilsəyə və «eks»lərə qarşı mübarizəsini paralel şəkildə aparır. Necə deyərlər, « köpəyin dişi, donuzun dərisi.»

Xuraman İsmayılqızı, «İki sahil»