05 iyun 2025 01:24
160

Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində həyat qaynayır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində yağı tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında bu gün özünün inkişaf, çiçəklənmə dövrünü yaşayır. Otuz illik işğal dövründə viran qoyulmuş kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, körpülər, hava limanları, eliktrik stansiyaları tikilir, istehsal müəssisələri yaradılır. Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz abadlaşdıqca bu torpaqların əzəli sahibləri öz dogma yurdlarına qayıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Proqramı”na əsasən, artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın şəhərlərində və Laçın rayonunun Sus, Zabux kəndlərində, Cəbrayıl, Xocalı şəhərlərində və Xocalı rayonunun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə 49 ailə - 232 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

28 May-Müstəqillik Günündə Prezident İlham Əliyevlə birlikdə Laçın Beynəlxalq Hava Limanının açılışnda iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın Qalib Lideri Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib: “Laçında əlamətdar günü birlikdə qeyd etdik. Səfərimiz zamanı Laçın hava limanının açılışını etdik. Azərbaycanın Qalib Lideri Prezident İlham Əliyevin səyləri ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. Qarabağ yolları, tunelləri, yaşayış massivləri, kənd təsərrüfatı sahələri ilə işğalın yaralarını sürətlə sağaldır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”.

Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın, regionun sənaye potensialının dirçəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülür, turizm infrastrukturunun qurulmasına xüsusi diqqət yetirlir. Ölkəmizin başçısının müfaviq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkının, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini gündən-günə genişləndirməsi bunun əyani təsdiqidir. Qeyd edək ki, rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bəli, böyük qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Ölkəmizin başçısı ötən müddətdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində yeni-yeni sənaye, kənd təsərrüfatı obyektlərinin, istehsal və xidmət müəssisələrinin, infrastruktur layihələrinin təməli qoyur, açılışını edir. Ölkə başçısının mayın 27-də Laçın rayonuna səfəri çərçivəsində “LATIFA” Laçın tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, rayonun Bəylik kəndinin, AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES), Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışlarında, eləcə də Laçın kanat yolunun təməlini qoyulmasında iştirakı bunun bariz nümunəsidir.  

Bu gün Qarabağ və Şərqi Zəngəzur sözün əsl mənasında nəhəng tikitnti meydançasına bənzəyir. İndi 30 illik işğaldan sonra böyük sevinc hissi ilə öz ata-baba yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilir, qaz təchizatı təmin olunur. Erməni barbarlarının törətdiyi xarabalıqların, viranəliklərin yerində yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr inşa edilir. Bir sözlə, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, Qalib Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun hər guşəsinin inkişafı və çiçəklənməsi üçün bütün səylər səfərbər edilib.

Zahid Rza, “İki sahil”