06 iyun 2025 23:14
97

32 ildən sonra Cəbrayıl şəhər sakinləri Qurban Bayramını doğma yurdda qarşılayıblar

Cəbrayıl şəhər sakinləri 32 ildən sonra ilk dəfə Müqəddəs Qurban bayramını doğma yurda qarşılayıblar. Sakinlərin qurban kəsmələri üçün şəhər ərazisində səyyar kəsim çadırı quraşdırılıb.

“İki sahil” xəbər verir ki, Cəbrayıl şəhərində quraşdırılan səyyar kəsim çadırı bugün səhər saat 8-dən açılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimovun verdiyi məlumata görə, bütün məntəqələrdə olduğu kimi burada da baytar həkim nəzarəti təmin olunub. Səyyar kəsim çadırında həm kəsim, həm də heyvanların soyulma və doğranması, kəsimdən sonra da kəsilən heyvana baytar həkim tərəfindən baxış keçirilməsi, şübhəli hal olarsa laborator müayinəyə cəlb olunması üçün lazımı şərait yaradılıb. Bunun üçün işğaldan azad olunan ərazilərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar mobil laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub ki, bu da qısa vaxt ərzində ekspress müayinələr aparmağa imkan verir.

Çadırlar iki gün ərzində fəaliyyət göstərəcək və işğaldan azad olunan ərazilərdə yaşayan sakinlər bu xidmətdən yararlana biləcəklər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və aidiyyatı qurumlarla birlikdə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublika üzrə ümumilikdə 135 məntəqədə qurbanlıq heyvanların kəsimi və satışı məntəqələrinin fəaliyyəti təşkil edilib. Həmçinin işğaldan azad olunan ərazilərdə də səyyar kəsim çadırları quraşdırılıb. Belə ki Zəngilan rayonu Ağalı kəndində, Füzuli şəhərində, Ağdərə rayonu Talış kəndində, Şuşa şəhərində və ilk dəfə olaraq isə Cəbrayıl şəhərində belə məntəqə fəaliyyət göstərir.