Türk dövlətləri dünya ticarətinin 3,5 %-ni təmin edir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda bildirib.
"Dünya iqtisadiyyatında payımız 1,8 % olduğu halda, ticarətdəki payımız bundan 2 dəfə çoxdur. Bu, onu göstərir ki, türklər ticarəti yaxşı bacarır", - deyə o qeyd edib.
V.Qasımlının sözlərinə görə, planetin ərazisinin təxminən 1 %-ni, əhalisinin isə 2,8 %-ni təşkil edən türk dünyasının ümumi daxili məhsulunun illik dəyəri 2,1 trilyon ABŞ dollarını keçib: "Əgər türk dünyasını vahid dövlət kimi qəbul etsək, bu coğrafiya dünyanın ən böyük 10 iqtisadiyyatından biri sayılardı. Türk dünyasının sənaye potensialı 540 milyard ABŞ dolları, kənd təsərrüfatı potensialı isə 140 milyard ABŞ dollarıdır. Bank sektoru və ümumilikdə maliyyə sektoru da sürətlə inkişaf edir. 2024-cü ildə Türk dünyasında bank aktivlərinin ümumi məbləği 1,4 trilyon dollara yaxınlaşıb. Bu da kifayət qədər ciddi göstəricidir və kapital bazarlarının da inkişafı gələcək üçün böyük imkanlar yaradır”.
Bundan başqa, V. Qasımlı deyib ki, türk dünyasında inteqrasiya və inkişaf prosesi sürətlə davam edir: "Avropa İttifaqının təqdim etdiyi "Global Gateway", Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü və Trans-Xəzər Orta Dəhliz layihələri Türk dünyasının coğrafiyası üzərində qurulub. 2024-cü ildə Türk dövlətlərinə investisiya qoyuluşu 440 milyard ABŞ dollarına yaxın olub, bunun 290 milyard dollardan çoxu Türkiyənin payına düşüb. Türklər investisiyanı da uğurla reallaşdırırlar".
Bununla yanaşı, onun sözlərinə görə, ötən il Türk dünyasında dövlət büdcələrinin ümumi kəsiri isə 440 milyard dollara çatıb.