Hazırda Türk Dövlətləri Təşkilatının və Türk İnvestisiya Fondunun dəstəyi ilə növbəti birgə tədqiqat üzərində iş aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu tədqiqat Türk dövlətlərinin investisiya potensialını və davamlı inkişaf imkanlarını əhatə edir:
“Hazırda yeni bir tədqiqat layihəsi üzərində çalışırıq. Bu layihə çərçivəsində investisiya mühiti, ailə institutunu dəstəkləyən imkanlar və digər vacib sahələr araşdırılır”.
V. Qasımlı qeyd edib ki, tədqiqatın coğrafiyası Macarıstandan Qırğızıstana qədər olan ölkələri əhatə edir və prosesə nüfuzlu alimlər cəlb olunub.
Qeyd edək ki, 2024-cü ildə Türk dövlətlərinə investisiya qoyuluşu 440 milyard ABŞ dollarına yaxın olub, bunun 290 milyard dollardan çoxu Türkiyənin payına düşüb.
Planetin ərazisinin təxminən 1 %-ni, əhalisinin isə 2,8 %-ni təşkil edən türk dünyasının ümumi daxili məhsulunun illik dəyəri 2,1 trilyon ABŞ dollarını keçib.