“Orta Dəhliz” mövzusunu daha geniş mənada görürəm. Çünki Azərbaycan üçün bu dəhliz çox böyük konsepsiyanın xüsusi bir ifadəsidir.
“İki sahil” xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbirdə deyib.
O bildirib ki, biz adətən cəmiyyət və fərddən danışırıq, amma əslində, ailə olmadan nə fərd, nə də cəmiyyət mövcud ola bilər. Ailə cəmiyyətlə fərdi birləşdirən və onlara mənəvi dəyər qazandıran əsas məfhumdur.
“Neft inqilabının önündə gələn ölkə, şübhəsiz ki, Azərbaycandır. Sənaye inqilabını neft inqilabı olmadan, neft inqilabını isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Lakin bu dövr ölkəmizin müstəqil olmadığı illərə təsadüf edir və həmin vaxtlar ənənəvi enerji resurslarımızın əhəmiyyətli hissəsi Azərbaycanın deyil, başqalarının maraqlarına xidmət edirdi. Ancaq müstəqilliyimizin bərpasından sonra Azərbaycan bu enerji resurslarından son dərəcə ağıllı şəkildə istifadə edərək, həm müstəqilliyini möhkəmləndirdi, həm də nəhayət, öz torpaqlarını azad etməyə nail oldu”, - deyə energetika nazirinin müavini vurğulayıb.