13 iyun 2025 01:58
155

Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır

1993-cü ilin 15 iyun tarixi  Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir

44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin başlanğıcı Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin  adı ilə bağlı olan 15 iyun 1993-cü il tarixindən  32 il keçir. Zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbədir. Bugünkü Azərbaycanı 32 il bundan öncəki Azərbaycanla müqayisə etdikdə ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində hansı faciələrlə üz-üzə qaldığını, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıtmasaydı nələrin baş verəcəyini daha aydın görür və bir daha bu reallığı önə çəkirik ki, hər bir ölkənin inkişafında Lider və düşünülmüş siyasət amilləri əsasdır. Dövlət başçısı İlham Əliyev ötən il yerli televiziya kanallarına müsahibəsində «Yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq qeyd etdiyimiz kimi, Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və Sizin təbirinizcə desək, tarixin zibilliyinə atılmasıdır. Əlbəttə ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə və Sizin “Dəmir yumruğunuzdur”. Məhz ona görə də mən istərdim elə ilk sualımı bugünkü reallıqlardan son 20 illik fəaliyyətə nəzər salmaqla başlayaq. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik» sualını cavablandırarkən bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi.  Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider  və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Suverenliyini bərpa etməklə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər, çağırışlar dayanır. Dövlət başçısı İlham Əliyev bunu həm ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, həm də 7-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında açıqladı. Əsas hədəflərdən biri Böyük Qayıdış Proqramının uğurlu icrası, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, cənnət məkana çevrilməsidir. Azərbaycan artıq iki ildir ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi diqqətdədir. Müasir tariximizin yeni dövrü məhz 2023-cü ilin 20 sentyabrından  başlayır.

15 iyun 1993-cü il Milli Qurtuluş Günündən bizləri ayıran 32 illik zaman Azərbaycan tarixinə biri-biringən möhtəşəm uğurları yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib, suveren Azərbaycanın vətəndaşı olmağı ilə qürur duyur, gələcəyə doğru böyük inamla addımlayır. Bu inamı, əminliyi yaradan təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu.  Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında açdığı imkanlardır. Milli Qurtuluş Günü tarixmizin ən parlaq səhifəsi kimi qeyd olunur. Bu, onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını və gələcək perspektivlərini  Qurtuluşla və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə əlaqələndirirlər. Müstəqiliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Bütün sahələrdə böhran, xaos, anarxiya hökm sürurdü.  Xalqın sabaha ümidi yox idi.  Bütün bunlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışını  şərtləndirdi və reallığa çevirdi. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sistemli iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın taleyində əhmiyyətli rol oynayan neft strategiyası işlənib hazırlandı. Bu da öz növbəsində həm insanların, həm də ölkəmizin iqtisadi inkişafına böyük töhfələr vermiş oldu.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır. 31  il bundan öncə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ümummilli Lider atılan addımın əhəmiyyətini belə xarakterizə etmişdir:  “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.» 

Son 21 ildən artıq  dövrdə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, nəinki paytaxt Bakı, eyni zamanda, bölgələrimiz iqtisadi inkişafı ilə xarici investorların diqqətindədir. Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə «Əsrin müqaviləsi» bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.

1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Lider  Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində daha bir tarixi saziş imzalandı. 2017-ci ilin sentyabr ayının 14-də  Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir» söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: «Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

Qurtuluşdan başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü  inkişafı,  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də  Qurtuluşdan başlayır, ondan güc alır.   Qurtuluşun nəticəsi olaraq Azərbaycan elə bir  ölkəyə çevrilib ki, öz inkişafını davamlı etmək üçün yeni-yeni hədəfləri müəyyənləşdirir və onlara çatmaq üçün icra mexanizmi ortaya qoyur. Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni sənədlərin qəbulunda da özünün aydın ifadəsini tapdı. Belə ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» bunun bariz nümunəsidir. İşğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla bütün regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, onların malik olduqları potensialdan səmərəli istifadə etməklə ölkəmizin dayanaqlı inkişafının təmin edilməsinə töhfələrin verilməsi prioritetdir. Hazırda işğaldan azad edlimiş bütün torpaqlarımızı cənnət məkana çevrilir. Dövrün müasir tələbləri əsasında yenidən qurulan, bərpa edilən bu torpaqlarda həyat canlanır, soydaşlarımız qayıdışdan böyük sevinc hissini keçirirlər. Milli Qurtuluş Günü tariximizə Dövlət Suverenliyi Gününün yazılmasına yol açdı. Bundan böyük sevinc, xoşbəxtlik ola bilərmi? Qurtuluş Gününün müasir sədası azad edilmiş ərazilərimizə yeni həyatın qayıtmasıdır.

Yeganə Əliyeva, «İki sahil»