13 iyun 2025 01:25
174

Astronomlar Süd Yolunda qəribə yeni obyekt tapıblar

Beynəlxalq tədqiqat qrupunun açıqladığı məlumata görə, Samanyolundakı müəmmalı obyekt qeyri-adi davranışı ilə astronomları çaşdırır. O, intensiv aktivlik dövründə hər 44 dəqiqədən bir rentgen şüaları və radio dalğaları buraxır.

“Curtin” Universitetindən Zitenq Endi Vanq adlı mütəxəssis açıqlayıb ki, Yerdən 15 min işıq ili uzaqlıqda yerləşən Süd Yolunun ulduzlar, qaz və tozla dolu bölgəsində yerləşən bu obyekt neytron və ya ağ cırtdan kimi yüksək maqnitləşmiş ölü ulduz ola bilər və ya " naməlum ekzotik bir şey" ola bilər. Vanq “Nature” jurnalında bu barədə dərc olunan tədqiqatın aparıcı müəllifidir.

NASA-nın Çandra X-rey Rəsədxanası keçən il supernova qalıqlarına və ya partlamış ulduzun qalıqlarına fokuslanarkən təsadüfən rentgen şüaları emissiyasını aşkar etmişdi.

Qeyri-müəyyən məsafəni nəzərə alaraq, astronomlar qəribə obyektin supernova qalığı ilə əlaqəli olub-olmadığını deyə bilmirlər. Qeyd edək ki, bir işıq ili 5,8 trilyon mildir.

“ASKAP J1832−091” olaraq təyin olunmuş bu obyektin hiperaktiv mərhələsi təxminən bir ay davam etdi. Həmin dövrdən kənarda ulduz heç bir nəzərəçarpan rentgen şüaları buraxmadı. Alimlərin sözlərinə görə, bu, orada belə obyektlərin daha çoxunun ola biləcəyini ifadə edə bilər.

"Kəşfimiz hələ bu obyektlərin sirrini əhatə etməsə də və hətta onu daha da dərinləşdirə bilsə də, onları öyrənmək bizi iki ehtimala yaxınlaşdırır. Ya biz tamamilə yeni bir şey aşkar edirik, ya da əvvəllər heç vaxt müşahidə etmədiyimiz bir şəkildə radio və rentgen dalğaları yayan tanınmış bir obyekt görürük", -deyə Vanq bildirib.

Xatırladaq ki, 1999-cu ildə buraxılan Çandra Yerdən on minlərlə kilometr hündürlükdə orbitdə fırlanır və kainatdakı ən isti, yüksək enerjili obyektlərin bəzilərini müşahidə edir.

Nubar Süleymanova, “İki sahil”