Sentyabr ayında keçiriləcək III MDB Oyunlarına hazırlaşan Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı seçilməsi ilə bağlı sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Park-Kompleksində reallaşır. Tədbirdə rəsmi şəxslər, idarə və müəssisələrin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak edirlər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub. Azərbaycanın dövlət himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliveyin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzindən "Zəfər Tağı"nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların çıxışları izlənilib.
Çıxışlar zamanı tədbirin 15 iyun - Milli Qurtuluş Günündə keçirildiyi, böyük inkişaf yolunu qətiyyətlə addımlayan azad, müstəqil Azərbaycanda mötəbər idman tədbirlərinin təşkil edilməsinin sevindirici olduğu vurğulanıb. III MDB Oyunlarının ölkəmizdə, Nizami yurdu Gəncədə keçirilməsinin önəmindən bəhs edilib. Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı seçilməsi ilə bağlı sertifikat MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.
Tədbirin davamında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının, tanınmış müğənnilərin ifasında konsert proqramı nümayiş etdirilib.