Müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində dövlətlərin qarşılıqlı əməkdaşlığı daha da aktuallaşır. Bu əməkdaşlığın əsas sütunlarından biri isə hərbi sahədə əlaqələrin inkişafıdır. Regional münaqişələrin artması, terror təhlükələrinin çoxtərəfli xarakter alması və texnologiyaların hərbi sahəyə nüfuzu, ölkələr arasında güclü hərbi tərəfdaşlıqların formalaşmasını zərurətə çevirib.
Birinci növbədə qeyd etmək lazımdır ki, hərbi əməkdaşlıq regionda sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Qonşu və strateji tərəfdaş ölkələrlə keçirilən ortaq hərbi təlimlər, sərhəd təhlükəsizliyi tədbirləri və informasiya mübadiləsi, istənilən riskin qarşısını vaxtında almağa imkan yaradır.
Azərbaycanın Türkiyə ilə keçirdiyi “Qardaş Yumruğu” və “Sarsılmaz Qardaşlıq” kimi təlimlər, bu sahədə nümunəvi əməkdaşlığın göstəricisidir.
Əsrin ən böyük təhdidlərindən biri olan beynəlxalq terrorizmə qarşı mübarizə də hərbi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Mütəxəssislərin fikrincə, bu mübarizə yalnız informasiya paylaşımı deyil, həm də birgə əməliyyatların aparılmasını tələb edir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda bu sahədə fəal iştirakı ölkəmizin beynəlxalq təhlükəsizlik proseslərinə verdiyi töhfəni göstərir.
Azərbaycan hərbçilərinin Əfqanıstan, Kosovo və digər bölgələrdəki sülhməramlı fəaliyyətləri artıq beynəlxalq səviyyədə təqdir olunur. Bu missiyalar vasitəsilə ölkəmiz təkcə hərbi bacarıqlarını deyil, eyni zamanda humanitar dəyərlərə sadiqliyini nümayiş etdirir.
Hərbi əməkdaşlığın mühüm, lakin çox vaxt diqqətdən kənarda qalan bir istiqaməti də kadr hazırlığı və təhsil sahəsindəki əməkdaşlıqdır. Azərbaycanlı hərbiçilər dost ölkələrin akademiyalarında təhsil alır, təcrübə toplayır və bu bilikləri ölkəyə gətirərək ordu quruculuğuna töhfə verirlər. Silah sistemləri, pilotsuz uçuş aparatları, elektron müharibə texnologiyaları – bütün bunlar artıq müasir ordunun ayrılmaz hissəsidir. Bu sahədə tərəfdaş ölkələrlə əməkdaşlıq, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün müasir hərbi texnologiyalara çıxış imkanı yaradır.Hərbi əməkdaşlıq sadəcə ordu quruculuğu deyil – bu, daha təhlükəsiz sabah üçün strateji yanaşmadır. Azərbaycanın bu sahədə atdığı addımlar, onun təkcə regionda deyil, beynəlxalq müstəvidə də etibarlı tərəfdaş olduğunu göstərir.
Sülh üçün güclü ordu, güclü ordu üçün isə möhkəm əməkdaşlıq vacibdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan Ordusu son illərdə mühüm inkişaf yolu keçmişdir. Dövlət başçısı hər zaman ordu quruculuğunu prioritet sahə elan etmiş və bu istiqamətdə ardıcıl islahatlar həyata keçirmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, ölkə rəhbərliyinin apardığı uğurlu hərbi-siyasi xəttin real nəticəsidir. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadrların hazırlanması və müasir texnologiyaların tətbiqi bu siyasətin əsas istiqamətlərindəndir.
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordu yaradılmışdır. 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarix hər il ölkədə hərbi paradlarla, təntənəli tədbirlərlə və müxtəlif vətənpərvərlik aksiyaları ilə qeyd olunur. Bu gün təkcə ordunun deyil, eyni zamanda xalqın birliyinin və vətənə sədaqətinin rəmzidir.
Nübar Turabova,
116№li tam orta məktəbin müəllimi