23 iyun 2025 13:57
150

Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib - FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə 2025-ci ilin birinci yarısında Müdafiə Nazirliyində görülən işlər barədə ümumi hesabat məlumatları elan olunub. Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq cari ilin birinci yarımilində icra edilmiş müvafiq fəaliyyətlər diqqətə çatdırılıb. Ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsinin də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirildiyi qeyd olunub.

Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda ətraflı məlumat verilib. Tədbirdə, həmçinin, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydalarından danışılıb.

Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.