23 iyun 2025 11:20
89

Qüdrətli Azərbaycan Ordusu regional güc mərkəzidir

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu tarixdən etibarən hər il dövlət səviyyəsində qeyd olunmağa başlandı. Ulu Öndər ordunun yaranması, onun möhkəmləndirilməsi və xalqla birliyini əsas vəzifə kimi dəyərləndirirdi. O qeyd edirdi:“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da güclü edir.” 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində əhəmiyyətli islahatlar həyata keçirildi. Orduya peşəkar kadrların cəlb olunması, müasir texnikanın alınması, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi prioritet istiqamətlərə çevrildi. Heydər Əliyev deyirdi: “Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək istəyirik.

Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbacan SSR-ə rəhbərlik etməyə başladığı vaxtdan  respublikamızda hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. O illərdə Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Həmin dövrdə belə bir qərarı  vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda mühüm rol oynadı.

 Ulu Öndər 1993-cü ildə ikinci dəfə, həm də xalqın təkidli tələbi ilə respublikamıza hakimiyyətə qayıdanda da onun üçün ordu quruculuğu ön palanda idi. Ona görə də qısa müddətdə erməni işğalçıları ilə atəşkəs sazişini imzalamaqla, yeni və peşəkar ordu qurmağa başladı.  Eyni zamanda, Onun siyasi fəaliyyətində  hərbi əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, ordunun peşəkarlığının yüksəldilməsi və müasir beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Bu gün  Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Qarabağ fatehi, Müzəffər Ali Baş Komaqdan İlham Əliyev Ordu quruculuğunu ən yüksəu səviyyədə nizamladı. İkinci Qarabağ Müharibəsindəki tarixi Qələbəmsiz də məhz bu əzəmətli ordu quruculuğunun nəticəsində reallaşdı.

Hazırda Türkiyə ilə strateji müttəfiqlik  münasibətləri hərbi sahədə ən yüksək səviyyədə inkişaf edib.2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir. Müştərək təlimlər, texniki yardım və təhsil proqramları bu əməkdaşlığın əsas sütunlarıdır.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna hər zaman xüsusi önəm verib. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu regionda ən güclü və müasir ordulardan birinə çevrilmişdir. Prezident İlham Əliyev deyir: «Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.»

Müzəffər Ali Baş Komandanımız dəfələrlə qeyd edib ki, ordu yalnız hərbi güc vasitəsi deyil, eyni zamanda dövlətin müstəqilliyinin və suverenliyinin təminatıdır. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu peşəkar və intizamlı hərbi heyətlə təmin olunmuş,müasir hərbi texnika ilə təchiz edilmişdir. İndi  artıq Silahlı Qüvvələrimiz regional və beynəlxalq miqyasda tanınan güc mərkəzinə çevrilib.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri