23 iyun 2025 18:06
109

Kənd təsərrüfatı naziri Qırğızıstanda heyvandarlıq və balıqçılıq təsərrüfatları ilə tanış olub

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasında rəsmi səfərdədir.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti əvvəlcə Qırğız Respublikasının Çuy vilayətinin Araşan kəndində yerləşən “Altın Araşan” xırdabuynuzlu heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.

Təsərrüfat sahibi qonaqlara ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, yerli qoyun cinsləri, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra nümayəndə heyəti Maevka kəndində yerləşən daha bir xırdabuynuzlu heyvandarlıq müəssisəsində olub. Səfər iştirakçılarına müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının əhəmiyyəti, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasında fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarına da baş çəkib, özəl sektorda akvakultura sahəsində görülən işlərlə maraqlanıblar. Qonaqlara məlumat verilib ki, balıqçılıq təsərrüfatları əsasən əmtəəlik məqsədlə forel balıqlarının yetişdirilməsi ilə məşğul olur. Görüşdə balıqçılıq təsərrüfatlarının qurulması, avadanlıqlarla təchiz edilməsi, istismarı və bu təsərrüfatlarda sanitariya rejiminə əməl olunması, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılığa dəstək mexanizmləri, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə olunub. Həmçinin görüş iştirakçıları balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsinə dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğızıstanda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısında və IV Türk Dövlətləri Aqrobiznes Forumunda iştirak edəcək. Nazirin tədbirlər çərçivəsində ikitərəfli görüşləri nəzərdə tutulur.