30 iyun 2025 17:55
147

Sığortalı cəmiyyət, dayanıqlı gələcək... - MÜSAHİBƏ

Güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir

Sığorta sektoru hər bir ölkənin maliyyə təhlükəsizliyinin, iqtisadi sabitliyinin və sosial dayanıqlığının mühüm dayaqlarından biridir. Son illərdə Azərbaycanda sığorta bazarının sürətli inkişafı, rəqəmsallaşma, maarifləndirmə və beynəlxalq əməkdaşlıq istiqamətində atılan strateji addımlar bu sektorun yeni mərhələyə qədəm qoyduğunu göstərir. “İki sahil” olaraq bu kontekstdə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevlə müsahibə apardıq.

- Azərbaycan sığorta bazarının bu gün böyümə fonunda qarşılaşdığı əsas çağırışlar və imkanlar nədən ibarətdir?

- Bu gün yerli sığorta sektorumuz yeni inkişaf mərhələsindədir. Qlobal sığorta sənayesində baş verən yeniliklər, dəyişikliklər, müasir meyillər və dəyişən müştəri davranışları yerli sığorta bazarımız üçün də aktualdır. Sığorta sektoruna nəzarətedici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yerli bazarın inkişafı üçün həyata keçirilən uğurlu və məqsədyönlü tənzimləmə siyasəti və sektorial islahatlar dövri sığorta icmallarında da özünü göstərməkdədir. Xüsusilə 2021-ci ildən etibarən yerli sığorta bazarının yığımlar fonunda bir tendensiya kimi davamlı olaraq yüksək templə böyüməsi buna əyani misaldır. Heç təsadüfi deyil ki, yerli sığorta bazarında 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26% və 2024-cü ildə isə 11% böyümə qeydə alınmışdır. Artıq 2023-cü və 2024-cü illərdən etibarən yerli bazar üzrə təmin olunmuş sığorta yığımları 1 milyard manatı ötmüş və nəticədə sığorta yığımlarının ÜDM-dəki payı 1%-ə, qeyri-neft sektoru üzrə ÜDM-də isə 1.85%-ə yüksəlmişdir. Müvafiq böyümə cari ilin müxtəlif hesabat dövrlərində də müşahidə olunmaqdadır. Azərbaycan Mərkəzi Bankı tərəfindən ən son açıqlanmış və 2025-ci ilin yanvar-may aylarını əhatə edən icmal göstəricilərinə görə, yerli sığorta bazarı 719,3 milyon manat yığım təmin etməklə 11.75% böyümüşdür.

Müvafiq periodda baş vermiş sığorta hadisələri çərçivəsində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği isə 314,7 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. 5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub. Proqnozlarımıza görə, həyata keçirilən fundamental islahatlar və geniş maarifləndirmə tədbirləri nəticəsində cari böyümə tendensiyasının 2025-ci ilin sonuna qədər davam edəcəyini və yığımların bu il də 1 milyard manatı ötəcəyini düşünürük.

- Vətəndaşların sığorta məhsullarına etimadının artırılması üçün sığorta bazarı nə kimi təşəbbüslər göstərir?

- Hər ötən il vətəndaşlarımızın sığorta xidmətlərindən istifadə aktivliyi müraciət sayında və yığım artımlarında özünü göstərir. Burada təsiredici amillər bazarda tələb-təklif uyğunluğu fonunda dövrün tələblərinə uyğun olaraq məhsul çeşidliliyinin təmin olunması, baş verən bədbəxt hadisələr nəticəsində yaranmış əyani zərərlərin həcminin təsir əhəmiyyəti və digər vacib amillərdir. Sığorta ənənələrinin tədricən və mərhələli şəkildə formalaşmaqda olduğu indiki yerli bazar şərtləri çərçivəsində bu gün üçün aktual sığorta məhsulları sırasında daşınmaz əmlakın icbari sığortası, kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, tibbi sığorta, həyatın yaşam sığortası, kredit həyat sığortası və s. məhsulların adlarını çəkə bilərik. Heç təsadüfi deyil ki, adlarını sadaladığımız sığorta məhsulları müxtəlif periodlara dair sığorta icmallarında əks olunan yığımlarda aktiv rol oynayırlar. Lakin yerli bazar mövcud məhsul siyahısı ilə kifayətlənə bilməz. Yuxarıda da qeyd etdiyim kimi, sığorta sektoru xidmət sahəsi olduğu üçün tələb-təklif faktoruna əsaslanır. Baş verən hadisələr fonunda yaranan zərərlər cəmiyyətdə sığorta ilə bağlı yeni tələblər formalaşdırır. Yerli sığorta bazarı da bu müvafiq tələblərə adekvat təkliflərlə əhalimizin risklərini geniş şəkildə təminat altına ala biləcək potensialdadır. Bu, dəyişən və daim hərəkətda olan bir prosesdir.

-Rəqəmsal texnologiyaların tətbiqi sığorta xidmətlərinə əlçatanlığına necə təsir göstərib?

-2023-cü ildən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məhsulu üzrə lisenziyaya sahib olan bütün qeyri-həyat sığorta şirkətləri adıçəkilən məhsulun elektron şəkildə əldə olunması məqsədilə texniki infrastrukturunu tam formalaşdırmışdır. Belə ki, artıq istənilən avtonəliyyat vasitəsi sahibi istənilən müvafiq sığorta şirkətinin veb-saytına daxil olmaqla vaxt itirmədən və tam rahat bir şəkildə sığortalana bilir. Bundan əlavə olaraq, yenə 2023-cü ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası yekunlaşmışdır ki, nəticədə Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirilmişdir. O cümlədən münbit rəqəmsal mühitin formalaşdırılması nəticəsində İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidməti də artıq 4 ilə yaxındır ki, istehlakçılar tərəfindən elektron qaydada operativ şəkildə əldə oluna bilir. Əsas hədəfimiz ondan ibarətdir ki, bütün sığorta xidmətlərinin elektronlaşması və rəqəmsallaşması prosesi növbəti dövrlər ərzində tam təmin olunsun.

- Əhalinin sığorta savadlılığının artırılması istiqamətində hansı maarifləndirici layihələr həyata keçirirsiniz?

- Maarifləndirmə və təbliğat bütün zamanlar üçün xidmət sahələrinin fəaliyyət aktivliyini və işləkliyini təmin edən başlıca amillərdən olub. Biz də sığorta sektoru olaraq bu tendensiyadan kənarda qala bilmərik. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Və memorandum tərəfləri olaraq biz artıq 5-c ildir ki, ümumrespublika səviyyəsində geniş sığorta maarifləndirməsi tədbirlərini həyata keçiririk. “Həyat sığorta ilə rahat” şüarı ilə həyata keçirdiyimiz layihə çərçivəsində seminarlar, sığorta festivalları, televiziya və radio kanalları vasitəsilə maarifləndirici verilişlər, yazı müsabiqələri, açıq və qapalı məkanlarda təbliğ və təşviqedici materiallar vasitəsilə gerçəkləşdirdiyimiz tədbirlər bu gün istər sığortalı aktivliyinin təmin olunması, istər sığorta xidmətlərinə etimadın yüksəlməsi, istərsə də sığorta bazarının böyümə fonunda öz müsbət təsirlərini göstərməkdədir.

- Süni intellekt və böyük verilənlər (big data) texnologiyalarının sığorta sektorunda tətbiqi bu gün nə dərəcədə aktualdır?

-Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq peşəkar sığorta bazarı iştirakçılarından əldə etdiyimiz məlumatalara əsasən deyə bilərik ki, hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri də süni intellektin təklif etdiyi imkanlardan aktiv yararlanır, nəticə etibarilə xərclərinə və resurslarına qənaət edir, habelə, proseslərin süni intellekt əsaslı formalaşdırılması işlərini növbəti mərhələdə də davam etdirməyi planlaşdırırlar. Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri süni intellektin imkanlarından veb-saytlarında mövcud olan şəxsi kabinetlərin fəaliyyətində, məlumatların axtarışı, təhlili, strukturlaşdırılması və konsolidasiyası, yeni biliklərin mənimsənilməsi proseslərində, hesabatların hazırlanması, təkliflərin formalaşdırılması, daxili yazışmalar, analiz və qərar dəstəyi proseslərində, dizayn, marketinq, video və qrafik kontentlərin generasiyası proseslərində, o cümlədən hadisələrin qeydiyyatı və ilkin qiymətləndirilməsi, kütləvi işə qəbul zamanı minlərlə müraciətin avtomatik emalı və uyğun namizədlərin önə çıxarılması, biznes proseslərinin avtomatlaşdırılması, sığorta haqlarının formalaşdırılması və digər bu kimi proseslərdə istifadə edirlər. Yuxarıda qeyd olunan proseslərlər üzrə sektorumuz süni intellektin “ChatGPT Team (OpenAI)”, “Freepik AI”, “Vision Language Models”, AI əsaslı “CV screening”, kağız və PDF sənədlərinin “OCR” ilə oxunması və “LLM” vasitəsilə emalı və “ML” alqoritmləri funksiyalarından istifadə edirlər. Sektordan aldığımız ümumiləşdirilmiş məlumatlara görə, süni intellektin imkanlarından istifadə sığorta şirkətlərimiz üçün əməliyyat xərclərinin 30-60%, vaxt itkisinin isə 2 dəfə azalmasına, proseslərin 30-40% optimallaşmasına, resurslardan qənaetlə istifadəyə, fəaliyyət çevikliyinin isə 2 dəfə sürətlənməsinə səbəb olub. Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri növbəti mərhələdə sənədləşmələrin avtomatlaşdırılması, müştəri sorğularının ilkin emalı və təlim-tədris materiallarının hazırlanması, sənədlərin sistemə avtomatik inteqrasiyası, zərər qiymətləndirməsi, risklərin təhlili və fərdi təkliflərin hazırlanması, canlı operatorların iş yükünü azaldaraq müştərilərə fasiləsiz dəstəyin təmin edilməsi üçün 7/24 müştəri xidməti, kodlaşdırma alətləri, fərdiləşdirilmiş məhsul tövsiyələri, proqnozlaşdırıcı analitika modelləri, dələduzluq hallarının aşkarlanması, satış optimizasiyası və s. proseslərdə də süni intellektin imkanlarından yararlanmağı planlaşdırırlar.

- Sığorta ödənişlərinin operativliyi və şəffaflığı sahəsində üzv şirkətlərə hansı tövsiyələr verirsiniz?

- Bu, bir reallıqdır ki, sığorta xidmətlərinin təşviqi üçün ən uğurlu reklam sığorta ödənişlərinin operativ və şəffəf həyata keçirilməsidir. Sığortanın əsas məqsədinin bərpa funksiyası olduğunu nəzərə alsaq, bu gün yerli sığorta şirkətləri sığorta ödənişlərinə xüsusi diqqətlə, reallıq və ədalətlilik prizmasından yanaşırlar. Sığorta ödənişlərinin operativliyinin təmin olunması ilə istehlakçı məmnuniyyətinin yüksəldilməsi yönündə artıq bir neçə ildir ki, aktiv və əsaslı tədbirlər görülməkdədir. Bu istiqamətdə mən misal göstərə bilərəm ki, artıq 2022-ci ildən etibarən tətbiq olunan Zərərlərin birbaşa tənzimlənməsi mexanizmi ilə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə baş verən hadisələr üzrə ödənişlərdə operativlik tam təmin olunmuşdur. Belə ki, artıq 3 ildir ki, iki avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisələri zamanı (zəncirvari qəza, xəsarət halı və ya digər əmlaklara zərər halı istisna olmaqla) zərərgörmüş şəxs öz avtonəqliyyat vasitəsinin sığortalandığı şirkətə müraciət etməklə ödənişini tez zamanda əldə edə bilir.Onu da qeyd etmək istəyirəm ki, Zərərlərin birbaşa tənzimlənməsi mexanizminə keçid ilə Azərbaycan sığorta sektoru inkişaf etmiş bir sıra ölkələrin sığorta bazarlarını qabaqlamışdır.

- Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı hansı sahələr üzrə inkişaf etdirir?

- Beynəlxalq əlaqələr dünya təcrübəsinin öyrənilməsi və qloballaşma baxımından ciddi əhəmiyyətə malikdir. Biz də sığorta sektoru olaraq həm dünya sığorta bazarları ilə qarşılıqlı əlaqələrimizi inkişaf etdirir, o cümlədən sektor üzrə həyata keçirdiyimiz islahatlarda dünya təcrübəsindən yararlanırıq. Azərbaycan Sığortaçılar Assosiasiyası sektorun beynəlxalq əlaqələrinin formalaşdırılması istiqamətində əsaslı addımlar atır. Belə ki, bu yöndə artıq Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Macarıstan və s. kimi ölkələrlə qarşılıqlı əməkdaşlıq qurmuş, habelə, dünya sığortaçılar təşkilatı olan “Global Federation of Insurance Associations” və Avropa sığortaçılar təşkilatı olan “Insurance Europe”-a üzvlüyümüzü təmin etmişik. Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, Türkiyə ilə olan qarşılıqlı əməkdaşlığımız yalnız iki ölkəni yox, bürövlükdə, türk dünyasını əhatə edir. Belə ki, Assosiasiyamız ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü çərçivəsində 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta birliklərinin iştirakı ilə dünyada ilk dəfə “Türk Dünyası Sığorta Birliyi” təsis olundu.

Sevindirici haldır ki, qurduğumuz bu birlik qısa zamanda Türk Dövlətləri Təşkilatının (TDT) diqqətini çəkdi və bu gün biz TDT-nin təşəbbüsü və müraciəti əsasında Türk Dünyası Sığorta Birliyinin TDT-nin himayəsinə daxil edilməsi istiqamətində iş aparırıq. Hesab edirik ki, bu Birlik türk dünyası ölkələrinin sığorta bazarları üçün yeni inkişaf imkanları yaradacaq və bu qlobal layihədə Azərbaycanı təmsil edən Assosiasiyamız yeni yaradılan qurumda strateji hab rolunu oynayacaqdır. Əlavə olaraq onu da xüsusilə vurğulamaq istəyirəm ki, bu il Türk Dünyası Sığorta Birliyinin I Assambleyası Azərbaycanın Şuşa şəhərində təntənəli şəkildə təşkil olunacaq. Beynəlxalq layihələrdən söz düşmüşkən, ölkəmizdə uzun müddətdən sonra bərpa edərək həyata keçirdiyimiz 10-cu “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nu, o cümlədən yeni sığorta texnologiyalarına həsr olunmuş “InsurTech Zirvəsi”ni misal göstərə bilərəm. Çünki həyata keçirdiyimiz bu kimi beynəlxalq tədbirlər də yerli bazar iştirakçılarımız üçün qlobal inkişafa açılan yeni bir pəncərə əhəmiyyəti daşıyır.

- Gənclərin bu sektora cəlb edilməsi və peşəkar kadrların hazırlanması istiqamətində hansı layihələr həyata keçirilir?

- Çox vacib bir məsələyə toxunduğunuz üçün təşəkkür edirəm. Sektor təmsilçilərinin bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq səviyyələrinin yüksəldilməsi, o cümlədən sektora yeni ixtisaslaşmış kadrların təlimli şəkildə cəlb olunması Assosiasiyamız üçün prioritet istiqamətlərdəndir. Məhz bu məqsədlə Assosiasiyamızın tərkibinda “ASA Tədris Mərkəzi” fəaliyyət göstərməkdədir. Mərkəzin başlıca fəaliyyət istiqamətləri sektorda çalışan kadrların ixtisas keyfiyyətlərinin artırılması üçün müxtəlif mövzularda təlim, seminar, olimpiada, attestasiya, habelə, sertifikasiya imtahanlarına hazırlıq kurslarının təşkilindən ibarətdir. Artıq 4 ildir ki, fəaliyyət göstərən “ASA Tədris Mərkəzi” sektorda kadrların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə aktuar, anderaytinq, satış, risklərin idarə edilməsi, sığortanın əsasları, peşəkar sığortaçılıq, bancassurance, korporativ idarəetmə və s. kimi sektor üçün aktual mövzularda təlimlər təşkil etmişdir. Bundan əlavə, ASA nəzdində fəaliyyət göstərən “Araşdırma və İnkişaf Mərkəzi” də var ki, bu Mərkəzin xətti ilə sektorda ilk dəfə 2 fərqli tədqiqat işləri aparılmışdır. Bu tədqiqat işləri “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” və “Həyat sığortasının Azərbaycan əhalisinin həyatında rolu” mövzularına həsr edilmişdir. Adıçəkilən tədqiqat işləri sığorta bazarı iştirakçıları üçün yeni istiqamətləndirici rol oynamaqdadır. Belə ki, bu tədqiqat işləri sektordakı boşluqları ortaya çıxarmaqla onlara həll yolları təklif etməkdədir.

Son olaraq bildirmək istəyirəm ki, yerli sığorta sektorumuzun növbəti dövr ərzində də davamlı inkişafına nikbin yanaşıram. Çünki həyata keçirilən əsaslı islahat tədbirləri, maarifləndirmə layihələri, tədqiqat və araşdırma işləri orta və uzunmüddətli perspektivdə öz müsbət nəticələrini göstərəcəkdir. Sevindirici reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın maliyyə ekosistemi, xüsusilə də yerli sığorta sektorumuz müasir parametrlərlə yeni inkişaf mərhələsini yaşayır. İnkişaf isə növbəti uğurların başlancığıdır. Mənim fikrimcə, güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir.

-Müsahibəyə görə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”