02 iyul 2025 11:13
252

Rusiyadakı hadisələr şovinizmin və  diskriminasiyanın bariz nümunəsidir

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanlılara qarşı edilən zorakı hərəkətlər  həm beynəlxalq hüququn, həm də insan haqlarının ciddi şəkildə pozulmasıdır. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də regionun bütün xalqlarına təzyiq siyasətinin tərkib hissəsidir. Ədalət bəhanəsi ilə törədilən bu cür hərəkətlər getdikcə daha çox tarixin dəhşətli  səhifələrini - Stalin rejiminin Azərbaycan xalqına qarşı repressiyalarını, Sovet rejiminin dəhşətli cinayətlərinin kulminasiya nöqtəsi 1990-cı il 20 Yanvar faciəsini, işğalçı Ermənistana hər cür yardımın göstərilməsi ilə Azərbaycanın tarixi ərazilərinin işğal edilməsini, dinc əhalinin doğma  yurdlarından qovulmasını, “Xocalı soyqırımı”nı xatırladır. Digər bir vacib məqam odur ki, hadisədən  sonrakı ilk saatlardan başlayaraq, Rusiyanın informasiya məkanında  qeyri-sağlam, ksenofobik tonda müzakirələr inkişaf etməyə başladı. Xüsusilə, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy azərbaycanlılara qarşı “daha ​​sərt tədbirlərdən istifadə etməyi” təklif etdi və Azərbaycan Xarici İşlər Nazirliyinin baş verənlərə reaksiyasını “Rusiyanın daxili işlərinə müdaxilə” adlandırdı.

 Əfsuslar olsun ki, insan haqlarının və beynəlxalq hüququn norma və prinsiplərini açıq-aşkar pozaraq başqa xalqlara qarşı hegemon niyyətlərini diktə etməyə çalışan Rusiya 21-ci əsrin reallıqlarına məhəl qoymur. Ötən əsrin Leninqrad doktrinası ilə hərəkət edən Rusiyanın bu davranışı qanuna deyil, güc tətbiqinə, qarşı tərəfə təzyiq və təzyiqlərə əsaslanır. BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi Komitəsi (CERD) 2023-cü ilin iyun ayında Rusiyaya dair qəbul etdiyi Yekun Müşahidələrdə açıq şəkildə bildirib ki, “Mərkəzi Asiyadan və Qafqazdan olan miqrantlar, eləcə də Afrika mənşəli insanlar Rusiya hüquq-mühafizə orqanları tərəfindən sistemli şəkildə irqi motivli zorakılığa məruz qalırlar.”

Azərbaycan MDB-nin üzvüdür və 2022-ci ildə imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə Rusiyanın tərəfdaşıdır.  Azərbaycan öz üzərinə gördüyü öhdəlikləri yerinə yetirir. Lakin rəsmi Moskva ilə bağlı  eyni fikri söyləmək mümkün deyil. Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Rusiya tərəfi hələ də məsələni uzadır. Rəsmi Moskva  faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəmədi. Azərbaycanın  millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Bu insidentin heç bir rəsmi izahı olmadı. Eləcə də Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlandığı məlum olmuşdu. Bu gün də  Solovyov kimi  “jurnalistlər, aparıcılar”  Azərbaycan xalqını təhdid edir və hədələyirlər. Və bu hansısa youtube kanalında deyil, Rusiyanın dövlət kanalında yayımlanır.

Onlarla, yüzlərlə faktlar  var ki, həyatı təhlükəyə baxmayaraq,  Rusiyada eləcə də müxtəlif ölkələrdə  yaşayan azərbaycanlılar  cəsarət göstərərək  rus vətəndaşlarını, rus əslli insanları xilas ediblər. Çünki, dövlətimiz də belədir: humanizm, dostluq, qonşuluq münasibətlərinə xüsusi önəm verir.  Elə bu günlədə İran-İsrail hərbi qarşıdurması zamanı məhz Azərbaycan dövləti təhlükəsiz qaydada bir çox dövlətlərin, o cümlədən Rusiya vətəndaşlarının təxliyəsini həyata keçirdi. Onları sağ-salamat vətənlərinə yola saldı. Lakin, bu gün biz Rusiyada başqa vəziyyət görürük. Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Bu cinayət  halları, onun motivləri Rusiyanın beynəlxalq aləmdə nüfuzunu daha da aşağı salır və onun təcrid olunmasına gətirib çıxarır.

Rusiya anlamalıdır ki, sovet imperiyasının dağılmasından sonra formalaşan yeni geosiyasi reallıqlar dəyişməzdir. Azərbaycan xalqı və dövləti tarixən müdrikliklə, dözümlə və qətiyyətlə hərəkət etmişdir. Biz heç vaxt qonşu dövlətlərlə düşmənçilik istəməmişik, lakin öz milli maraqlarımızı da heç kimə qurban verməmişik və verməyəcəyik.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor