03 iyul 2025 11:34
175

150 illik şərəfli yol: Azərbaycan mətbuatı mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisidir

Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək gerçəkləşməsı dövrü XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri yazırdı. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi.

Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlər, təbii ki, Azərbaycan aydınlarının xalqı maarifləndirmək kimi müqəddəs missiyanı yerinə yetirməsi üçün yetərli deyildi. Bu səbəbdən Azərbaycanın o dövrdə yaşamış işıqlı şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı olub. 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzetinin işıq üzü görməsi də elə bu inadlı mübarizənin nəticəsi idi. Lakin bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulsa da, çar istibdadının tüğyan etdiyi həmin illərdə insanların fikir və söz azadlığından danışması belə mümkün deyildi. Bundan onillər sonra Azərbaycanda ziyalı hərəkatının güclənməsinin sonucu olaraq Xalq Cumhuriyyətinin hakimiyyətinin qurulması ölkədə fikir və söz azadlığına nəfəslik açsa da, onun da ömrü cəmi 23 ay çəkdi və Azərbaycan mətbuatı bu dəfə sovet ideologiyasını təbliğ etməyə məcbur edildi. Əslində, 70 il sürən Sovetlər birliyi dönəmində Azərbaycan aydınları istər yaratdıqları bədii əsərlərdə, istərsə də dövri mətbuatda dərc etdirdikləri publisistik mətnlərdə sətiraltı mənalarla bəzi mətləbləri oxucularına çatdırmağa çalışır və çox zaman buna nail olurdu. Lakin azadlıqsevər bir toplum üçün bu olduqca az idi. Ötən əsrin 80-ci illərinin sonlarında Sovetlər birliyinin süquta doğru getməsi ilə SSRİ-nin bir çox respublikaları kimi, Azərbaycanda da milli müqavimət hərəkatı yarandı və Azərbaycan mətbuatında görünməmiş inqilab baş verdi, çoxlu sayda azad fikirli qəzetlər ortaya çıxdı. Sovet ideologiyasının təbliğatçısı, şablon yazıların tribunası olan qəzetlərin ardından “düzü-düz, əyrini-əyri” yazan yeni ideoloji nəşrlərin ortaya çıxması respublikada əsl evolyusiyanın yaşanmasına gətirdi. Nəhayət, 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanda mətbuat da özünün azad dönəminə qədəm qoydu.

Azərbaycanda senzuranın ləğvi və azad sözün inkişaf dövrü...

Hələ bir müddət imperiya qanunlarından miras qalmış “əlahəzrət senzura” öz varlığını sürdürməklə azad sözün, azad fikrin qarşısına sədd çəkmişdir. Yalnız 1998-ci ilin avqust ayında Ümummilli Liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranı birdəfəlik ləğv etmək haqqında tarixi Fərmanı ilə milli mətbuatımız da əsl azadlığa qovuşmuş və milli dövlətimiz kimi əbədi, sarsılmaz və dönməz bir müstəqillik yoluna çıxmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Ulu Öndərin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" deyən Heydər Əliyev azad mətbuatın inkişafına çox böyük diqqət göstərib, çap mətbuatının dövlət Nəşriyyatına olan borclarının silinməsi kimi unikal və azad toplum amilinə dayanan qərar verməklə ölkədə söz və fikir azadlığının inkişafında birbaşa dövlətin maraqlı olduğunu ortaya qoyub.

Prezident İlham Əliyev: “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir...”

Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. Dövlət başçısının 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Ölkə başçısının 25 aprel 2024-cil tarixli Sərəncamı ilə bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu Sərəncam Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrinə verilən yüksək dəyərin göstəricisidir.

“İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm” deyən prezident İlham Əliyev 2017-ci il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında qeyd etmişdir: "Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi, mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Ölkə başçısının Fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edildi.

Müharibə sınağından uğurla çıxan Azərbaycan mətbuatı

Məlumdur ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə Azərbaycan həqiqətlərinin operativ işıqlandırılması üçün böyük əzmkarlıqla, yorulmadan çalışıblar. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi. 2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin – Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi. Prezident İlham Əliyev Abışov Sirac Abış oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 2021-ci ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.

Sevinc Azadi, “İki sahil”