Ermənistan baş naziri Nikol Paşinyanla kilsə, daha doğrusu, bütün ermənilərin katalikosu II Qareginin arasında mübarizə gündən-günə dərinləşir. Buna səbəb isə II Qaregin subaylıq andını pozaraq evlənməsi və övladının olmasıdır. Hətta Paşinyan xeyli müddətdir ki, ona öz adı ilə – Ktriç Nersisyan deyərək müraciət edir. Bu da onu göstərir ki, Paşinyan katolikosu ruhani kimi qəbul etmir. Bakirəlik andını pozanların öz xoşları ilə tutduqları postdan uzaqlaşmalarının vacibliyini bəyan edən Paşinyan iyulun 3-də öz sosial şəbəkəsində katolikos üçün növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini bildirib: “Növbədənkənar seçkilər birmənalı şəkildə keçirilməlidir”.
Amma bütün bunlar Ermənistanda birmənalı qarşılanmayıb. Hətta bu hadisənin fonunda keçən ay Paşinyanın bildirdiyi kimi, Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan olduğu da üzə çıxıb. Bu isə o deməkdir ki, kilsə Ermənistanda hakimiyyət uğrunda mübarizədə vasitəyə çevrilib. Yeri gəlmişkən qeyd edək ki, sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serjik Sarkisyan bundan bəhrələnməyə çalışırlar.
Odur ki, Paşinyan dərhal hərəkətə keçib və nəticədə bir sıra tanınmış ictimai-siyasi fiqur, hərbçi, kilsə, biznes və media nümayəndəsi saxlanılıb. Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, onların sayı 15-ə catıb. Saxlanılanların arasında rusiyalı biznesmen Samvel Karapetyan, Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan, arxiyepiskop Mikael Acapaxyan və digərləri də var. Siyasətçilərin fikrincə, hətta katalikosun da həbsi istisna edilmir.
Baş verən olaylarla bağlı “Hraparak” yazır ki, Nikol Paşinyan vərdiş halına salıb ki, daxili siyasi vəziyyət gərginləşəndə, oturacağı titrəyəndə, hakimiyyət dəyişikliyi təhlükəsini hiss edəndə, dövlət çevrilişi ssenarisi ilə hay-küy salır, adamları həbs edir, aylarla həbsdə saxlayır, ittihamı sübut edə bilməyəndə onların işinə xitam verilir. Həmin yazıda, həmçinin qeyd olunub ki, Paşinyanın iddia etdiyi əvvəlki “aşkar edilən” çevrilişlərin heç biri təsdiqini tapmayıb. Sabiq deputat Samvel Farmanyan isə iddia edib ki, Nikol Paşinyanın əsl məqsədi nəyin bahasına olursa olsun, Ermənistanın başında qalmaqdır.
Qeyd edək ki, Qərb də 2026-cı ildə Nikolu yenidən Ermənistanın baş naziri kürsüsündə görmək istəyir. Paşinyan isə həmin kürsüdə oturmaq üçün siyasi rəqiblərini “aradan götürmək” məqsədilə indidən hərəkətə keçib. Görəsən, Paşinyanı növbəti dövlət çevrilişi iddiasından da yararlana biləcəkmi? Hələ ki bu suala birmənalı cavab vermək çətindir. Şübhəsiz, bunu zaman göstərəcək.
Amma bir məsələ maraqlıdır. Belə ki, insan hüquqlarından, demokratiyadan dəm vuran Qərb institutları, təsisatları hələ də Ermənistandkı həbslərə, polis zorakılığına nədənsə biganə yanaşır. Yeri gəlmişkən qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı onun bu addımlarını dəstəklədiyini bildirib. Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan sosial şəbəkə hesabında yazıb ki, bununla da Makron Ermənistanda formalaşan avtoritar sistemi təşviq edib.
Görünən odur ki, sanki Avropanın "demokratik" institutları - Avrpopa Şurası, ATƏT, Avropa Parlamenti və digərləri Ermənistanın qoruyucu mələyi timsalında çıxış edirlər. Hətta Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas iyunun 29-30-da Ermənistanda səfərdə olarkən bunların heç birinin fərqinə varmayıb. Bu, beynəlxalq təşkilatların işğalçı dövlətin başını tumarlamaqda davam etməsi anlamına gəlir. Halbuki Azərbaycanda baş verən hər hansı kiçik hadisə onların nəzərindən qaçmır. Yəni, həmin anda onlar reallıqdan uzaq bəyanatlar yayır, "tənqidlər" səsləndirirlər. Şübhəsiz, bu, Qərbin regionda ikili standartlar tətbiq etdiyini bir daha təsdiqləyir.
Qvami Məhəbbətoğlu, “İki sahil”