04 iyul 2025 02:37
146

Zatulin yenə öz ampluasındadır

Son günlər Rusiyanın müxtəlif siyasi dairələrində Azərbaycana qarşı açıq tənqidi fikir söyləyənlərin sayı artıb. Bu mənada Rusiyada ölkəmizin əleyhinə geniş informasiya kampaniyası başalayıb desək yanılmarıq. Görünür, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olmasına və bəzilərinin ağır bədən xəsarətləri almasına, habelə 9 nəfərin saxlanmasına Azərbaycanın kəskin reaksiyası onların xoşuna gəlməyib. Onlardan biri də Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini, həmişə ermənipərəst mövqeyi ilə seçilən, erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirən Konstantin Zatulindur.

Bu həmin Zatulindir ki, vaxtilə Qarabağa qeyri-qanuni səfərləri, eləcə də 44 günlük Vətən müharibəsi zamanı qərəzli çıxışları ilə gündəmi zəbt etmişdi. Bu həmin Zatulindir ki, 2024-cü il sentyabrın 2-də mövcud olmayan qondarma “DQR-in müstəqillik günü” münasibətilə “təbrik mesajı” yaymışdı. Bu həmin Zatulindir ki, hazırda ölkəmizdə ittiham olunan və hərbi cinayətkarlıqda təqsirləndirilən erməni əsilli şəxslərin onun dostları olduğunu bildirərək onların azad olunması üçün beynəlxalq təşkilatları Azərbaycana təzyiqləri artırmağa çağırmışdı.

Zatulin baş vermiş hadisə ilə bağlı Azərbaycanın sərt reaksiyasının təsadüfi olmadığını deyib və ümumiyyətlə, Bakının heç vaxt Rusiyanın strateji tərəfdaşı olmadığını bildirib. O bu fikrini əsaslandırmaq məqsədilə deyib ki, Rusiyanın yalnız Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinə münasibətdə “strateji tərəfdaş” ifadəsi işlədilir. Zatulin, həmçinin vurğulayıb ki, hətta belə üzvlük də “açıq anti-Rusiya kursunun həyata keçirilməsindən” qorumur. Bundan əlavə, Zatulin iddia edib ki, məhz Qarabağ erməni silahlı qüvvələrindən təmizləndikdən sonra artıq Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almır. Şübhəsiz, Zatulin “nəzərə almır” dedikdə Azərbaycanın daha qətiyyətli müstəqil siyasət yürütməsini, qlobal enerji layihələrinin gerçəkləşdirməsini, Cənubi Qafqazda yeni reallıqlar yaratmasını, bölgədə təhlükəsizliyin qarantına, eləcə də beynəlxalq arenada aktiv rol oynayan dövlətə çevrilməsini, həmçinin yalnız milli maraqlarından çıxış etməsini nəzərdə tutur. Bununla da o, Moskvanın Bakıya qarşı məkrli planının mahiyyətini açıb ortaya qoymuş olub. Yəni, onun dediklərindən belə məlum olur ki, Azərbaycan bütün bu məsələləri Rusiya ilə razılaşdırmalı imiş. Görəsən, nə vaxtdan müstəqil siyasət yürütmək qəbahət sayılır? Olmaya Kreml Azərbaycanı bir vassal kimi görmək istəyir? Bir məsələni də vurğulayaq ki, Ermənistan məhz Rusiyanın dəstəyi ilə Qarabağı ələ keçirmişdi. Görünür, indi Rusiya da Fransa kimi Azərbaycanın 44 günlük müharibədə, həmçinin 23 saatlıq lokal antiterror əməliyyatında əldə etdiyu uğurları, daha doğrusu, ərazi bütövlüyü və suverenliyimizin tam şəkildə bərpasını həzm edə bilmir. Elə bu səbəbdən Rusiya Azərbaycanın müstəqil dövlət kimi güclənməsini istəmir. Bu kimi addımlarla Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna kölgə salmağa çalışır.

Zatulin, həmçinin bildirib ki, Azərbaycan həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalır: “Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır”. Bu sözlərdən bir daha aydın olur ki, zatulinlər iki qardaş ölkə arasındakı sarsılmaz əməkdaşlığı da həzm edə bilmirlər. Görünür, Moskvanın müxtəlif siyasi dairələrində Azərbaycana qarşı kəskin tənqidi fikirlər söyləmələrinin əsas səbəblərindən biri də budur.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Rusiyada Azərbaycanla münasibətlərdə daha da dərin böhran yaratmaq istəyən qüvvələr mövcuddur.

Qvami Məhəbbətoğlu, “İki sahil”