Çin bazar ertəsi günü bildirib ki, Braziliya, Rusiya və Hindistanın da daxil olduğu BRICS qruplaşması ABŞ Prezidenti Donald Trampın bloka qoşulan ölkələrə əlavə 10 faizlik tarif tətbiq edəcəyi bəyanatı fonunda Birləşmiş Ştatlarla konfrontasiya istəmir.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib: “Tariflərin tətbiqi ilə bağlı Çin dəfələrlə mövqeyini bəyan edib. Ticarət və tarif müharibələrinin qalibi yoxdur və proteksionizm irəliyə doğru yol təqdim etmir”.
İyirmi il əvvəl sürətlə inkişaf edən iqtisadiyyatlar üçün bir forum olaraq qurulan BRICS ABŞ və Qərbi Avropanın gücünə Çin tərəfindən idarə olunan bir tarazlıq kimi görünməyə başladı. Bununla belə, Pekin iyulun 7-də qruplaşmanı inkişaf etməkdə olan bazarlar və ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma kimi müdafiə edib. “BRICS düşərgələr arasında qarşıdurma ilə məşğul olmur və heç bir ölkəni hədəf almır”, -deyə Çin rəsmisi vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidentinin bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib: “Biz doğrudan da Prezident Trampın belə bəyanatlarını görmüşük, lakin burada bir məsələni qeyd etmək çox vacibdir. BRICS kimi qrupun unikallığı ondan ibarətdir ki, bu, öz maraqları əsasında necə əməkdaşlıq etmək barədə ümumi yanaşmaları və ümumi dünya görüşünü paylaşan bir qrup ölkələri birləşdirir. BRICS çərçivəsində bu əməkdaşlıq heç vaxt hər hansı bir üçüncü ölkəyə qarşı yönəlməyib və belə bir məqsəd yoxdur”.
Donald Tramp ticarət tərəfdaşlarının razılığa gəlməsi üçün verdiyi son müddətin bitməsinə günlər qalmış bazar ertəsi günü müxtəlif ölkələrə ilk tarif məktublarını göndərəcəyini deyib. Bundan bir gün əvvəl, iyulun 6-da o, 15-ə qədər məktub göndərəcəyini bildirib və həmin ölkələr razılaşa bilməsə, ABŞ-ın idxal rüsumlarının apreldə təyin etdiyi yüksək səviyyələrə qayıdacağı ilə bağlı xəbərdarlıq edib.
ABŞ Prezidenti özünün “Truth” sosial şəbəkəsindəki paylaşımında bazar günü Rio-de-Janeyroda keçirilən sammitdə onun tariflərini tənqid edən dövlətləri “antiAmerika” mövqeyində ittiham edərək inkişaf etməkdə olan BRICS ölkələrini əlavə 10 faizlik tariflə hədələyib.