Olduqca qürurvericidir ki, bu gün Azərbaycanın hansı rayonuna, hansı şəhərinə və hansı kəndinə getsək inkişafın şahidi oluruq. Milli Məclisdə təmsil etdiyim Quba, Xızı və Siyəzən rayonları da inkişaf nümunələri ilə zəngindir. Prezident İlham Əliyevin hər səfəri bu rayonların tarixində dərin iz buraxıb, onların inkişafına, o cümlədən turizm potensialının hərəkətə gətirilməsinə təkan verib. Bu gün də ölkəmizin hər bir bölgəsində olduğu kimi, bu ərazilərdə də genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən bu yaxınlarda imzalanmış sərəncama əsasən, Quba rayonundakı Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrılmışdır. Bu yol ümumilikdə 12 yaşayış məntəqəsini əhatə edir və 7 minədək əhalinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
Böyük məmnunluqla qeyd etməliyik ki, bu, təkcə bir yolun çəkilməsi deyil - dövlətin bölgələrə, insanlara, rifaha və gələcəyə verdiyi önəmin bir təzahürüdür. Bu cür layihələr sübut edir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf kursu balanslı və dayanıqlı, sosial dövlət modelinə uygun şəkildə davam edir.
Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Xızı rayonuna səfəri bu bölgəyə olan diqqət və qayğının bariz nümunəsidir. Onlar müxtəlif sosial layihələrin icrasına təşəbbüs etməklə yanaşı, yerli sakinlərlə də səmimi görüşlər keçirmiş, insanların problemləri və ehtiyacları ilə birbaşa maraqlanmışlar.
Səfər çərçivəsində Altıağac Milli Parkında yerləşən Vəhşi Heyvanların Reabilitasiya Mərkəzində vəhşi quşların təbiətə qaytarılması prosesi icra olunmuşdur. Bu tədbir təkcə ekologiyaya deyil, gələcək nəsillərin ana təbiətə olan münasibətinə verilən töhfə kimi də dəyərləndirilməlidir.
Bundan əlavə, hörmətli Leyla xanım və Arzu xanım Xızı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışında iştirak ediblər. Giləzi qəsəbəsində 100-ə yaxın məktəbli ilə görüşərək, onlara futbol topları və idman geyimləri hədiyyəsini çatdırıb, şagirdlərin təhsil və idman nailiyyətləri ilə maraqlanıblar.
Onların təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Xızı rayonunda əhalinin sağlamlığının qorunması məqsədilə səyyar tibbi xidmətlərə start verilib. Bu çərçivədə Xızı Rayon Mərkəzi Xəstəxanasına yeni verilmiş tam təchizatlı təcili yardım avtomobilləri ilə Altıağac, Baxışlı, Giləzi və Ağdərə kəndlərində tibbi müayinələr həyata keçirilir. Avtomobillər kardiomonitor, defibrilyator, mobil USM, rəqəmsal rentgen kimi müasir avadanlıqlarla təmin olunub. Bu xidmətlər vətəndaşlara yerində tibbi yardım göstərilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə byöük töhfə verir.
Leyla Əliyevanın və Arzu Əliyevanın səfəri zamanı şəhid ailələri, ahıllar və aztəminatlı ailələrlə keçirilən görüşlər isə dövlətimizin sosial siyasətində insan amilinin nə qədər öndə tutulduğunu bir daha sübut edir. Bu fəaliyyətlər - dövlət və cəmiyyət arasında körpü rolunu oynayan insani dəyər nümunəsidir.
Onu da əlavə etmək istərdim ki, Quba, Xızı və Siyəzəndə yerli hakimiyyət orqanları öz vəzifələrini və məsuliyyətlərini düzgün qiymətləndirirlər. Daxili imkanlar hesabına abadlıq və quruculuq işlərinin aparılması, yolların təmir olunması seçicilər tərəfindən yüksək qiymətləndirilir.
Olduqca mühüm vəzifələrin yerinə yetirildiyi, o cümlədən Qarabag və Şərqi Zəngəzurun sürətli bərpa və quruculuğunun həyata keçirildiyi bir zamanda bütün bölgələrdə yaşayan vətəndaşlara göstərdiyi yüksək diqqət və qaygıya görə seçicilərimiz Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı