10 iyul 2025 16:12
201

Prezident İlham Əliyev və Paşinyan arasında keçirilən görüş mühüm tarixi əhəmiyyət daşıyır - Səbinə Salmanova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən görüş iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. 

Bu fikirləri "İki sahil"ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, görüşün məhz vasitəçisiz formatda keçirilməsi regionda yeni reallıqların və siyasi iradənin formalaşdığını göstərir: “Azərbaycan bu gün regionda sülhün və sabitliyin qurulmasında aparıcı rol oynayır. Əbu-Dabidə keçirilmiş bu mühüm görüş bir daha təsdiq etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi artıq kənar müdaxilələr olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Biz sülh istəyirik, amma bu sülh ədalətli və beynəlxalq hüquqa əsaslanmalıdır. Prezident İlham Əliyevin bu məsələdə tutduğu mövqe həm milli maraqlara əsaslanır, həm də regionda dayanıqlı təhlükəsizliyə xidmət edir”.

Deputat bildirib ki, bu görüş həm də Azərbaycanın artan diplomatik nüfuzunun və güclü siyasi iradəsinin təzahürüdür: “Əgər bir neçə il əvvəl deyilsəydi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçilər kənarda qalacaq və ölkələr birbaşa dialoq aparacaq, çoxları bunu mümkünsüz hesab edərdi. Ancaq bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu reallığa çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim sülh prosesinə ardıcıl və prinsipial yanaşır. Əbu-Dabi görüşü zamanı tərəflər arasında aparılan müzakirələr, xüsusilə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi məsələlər sülh sazişinə aparan yolun əsas hissələridir. Azərbaycan bu məsələlərdə daim konstruktiv və açıq mövqe nümayiş etdirir. Ümid edirik ki, Ermənistan da artıq eyni mövqeni sərgiləyəcək”.

S. Salmanova görüşün regionun gələcəyi üçün də müsbət nəticələr vəd etdiyini qeyd edib: “Normallaşma prosesi təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun rifahı və təhlükəsizliyi üçün mühüm platformadır. Azərbaycanın təşəbbüsləri həm regional əməkdaşlığı genişləndirəcək, həm də beynəlxalq ictimaiyyətin bu prosesə olan etimadını artıracaq. Əbu-Dabi görüşü eyni zamanda, göstərdi ki, Cənubi Qafqazda davamlı sülh artıq real hədəfə çevrilib”.