11 iyul 2025 02:16
111

Özbəkistan: Mərkəzi Asiyanın incisi

Bu ölkə hazırda Azərbaycanın ən güclü ticarət partnyorlarındandır

Ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə münasibətlərinin tarixində yeni mərhələ kimi dəyərləndirilir. Dövlət başçılarının mətbuata bəyanatlarında səsləndirilən fikirlər və faktlar bu səfərin iki ölkə arasında strateji müttəfiqliyin konkret nəticələr və gələcək planlarla zənginləşdiyini nümayiş etdirir.

Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ilin oktyabrın 2-də qurulub. Bu münasibətlərin təməlində yalnız diplomatik sənədlər deyil, həmçinin ortaq tarix, mədəniyyət, dil, din və mənəvi dəyərlər dayanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bir-birinin suverenliyi və milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.

2024-ci il avqustun 24-də Daşkənd şəhərində imzalanmış «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə» dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyib. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir: “Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.»

Əldə olunmuş razılaşmalar əsasında yaradılan Birgə İnvestisiya Fondu artıq praktiki layihələrlə təmin edilib. Bu fond 500 milyon dollarlıq nizamnamə kapitalına malikdir və gələcəkdə investisiya həcmi bir neçə dəfə artırılacaq. Həmin fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı kimi sahələrdə 10-dan çox layihə razılaşdırılıb və birgə icraya hazır vəziyyətə gətirilib. Bu layihələr hər iki ölkənin iqtisadi maraqlarını əks etdirir və qarşılıqlı investisiya əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Sözügedən fondun fəaliyyəti, eyni zamanda, Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal rol oynamasına təkan verir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: «Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.»

Eyni zamanda, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Yeri gəlmişkən, cari ilin yanvar – may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2 ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon dollar və ya 3,1 dəfə yüksəlib. Belə ki, 2024-cü ilin ilk 5 ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 69 milyon dollar olub.

Cari ilin 5 ayında Azərbaycandan bu ölkəyə 19,7 milyon dollar dəyərində ixrac, 195,1 milyon dollar dəyərində idxal əməliyyatları həyata keçirilib. Özbəkistana ixrac illik müqayisədə 9 milyon dollar və ya 84,1faiz, bu ölkədən idxal isə 136,8 milyon dollar, yaxud da 3,3 dəfə çoxalıb. 2024-cü ilin yanvar – may ayları ərzində Azərbaycandan Özbəkistana 10,7 milyon dollar dəyərində məhsul ixrac edilib, 58,3 milyon dollar dəyərində isə idxal olunub. Həmçinin cari ilin ilk 5 ayında Özbəkistan Azərbaycanın qeyri – neft məhsullarının ixraca yönləndirildiyi əsas ölkələri siyahısına daxil olub. Yəni, dost ölkəyə 5 ayda 19,3 milyon dollar dəyərində qeyri – neft məhsulları ixrac edilib.

Digər mühüm fakt isə budur ki, Özbəkistan ərazisinə və əhalisinə görə dünyada 3-cü ən böyük türk dövlətidir. Özbəkistan uran ehtiyatlarına görə dünyada 4-cü, qızıl yataqlarına görə ilk 10 ölkədən biridir. Bundan əlavə, təbii qaz yataqlarına görə bu ölkə dünya sıralamasında 11-cidir.

Elçin Zaman, "İki  sahil"