11 iyul 2025 10:45
144

Yay qiyamları Heydər Əliyevin iradəsi qarşısında iflasa uğradı

1993-cü ilin isti  yay  günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni süni bir münaqişə ocağı yandırıldı. Müharibənin getdiyi həmin dövrdə gərginliyi daha da artırmaq Azərbaycan xalqına qarşı ən böyük cinayət olsa da onun müəllifləri çirkin hərəkətlərindən əl çəkmədilər. Briqada komandiri olan polkovnik Əlikram Hümbətov özü kimi bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Əlbəttə, belə tapşırıq və təlimat ona xaricdən verilirdi. Üzdəniraq polkovnik cənub bölgəmizə daxil olan beş rayonu qoparıb həmin ərazidə “Talış-Muğan Respublikası” "düzəltmək" üçün erməni işğalçılarına qarşı vuruşmalı olan briqadanı döyüşdən çıxararaq Lənkərana geri çəkdi. Briqadanın müdafiə etdiyi mövqeləri boş qaldı. Bundan istifadə  edən Ermənistan qoşunları rayonlarımızı biri-birinin ardınca işğal edirdi. Tabeliyindəki canlı qüvvəni, artilleriyanı və zirehli texnikanı döyüşdən çıxarmaqla Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.

1993-cü il avqustun 7-də separatçı Əlikram Hümbətov Azərbaycanı parçalamaq məqsədilə beş rayonu “Talış-Muğan Respublikası”  elan etdi. Bu plan hələ iyunun 21-də bir qrup separatçı ilə keçirilən toplantıda Ə. Hümbətov tərəfindən irəli sürülmüşdü.

...Əlikram Hümbətov avqustun 7-də Bakıya bir ultimatum  göndərdi. “Talış-Muğan Respublikası “ yaratdığını”  bəyanlamaqla rəsmi Bakının onunla hesablaşmasını tələb etdi.  Təbii ki,  onun belə bir mövqedən çıxış etməsi respublikanın cənub bölgəsində yaşayan talışların  böyük əksəriyyətinin hiddətinə səbəb oldu. Əhalinin narazıığını görən Ə. Hümbətov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirdi. Cəlilabad Rayon Prokurorluğunun binası mühasirəyə alındı, ayın 11-də isə Astara rayon prokuroru Sahib Süleymanov və polis idarəsinin rəisi İbrahim Quliyev Əlikram Hümbətovun quldur dəstəsi tərəfindən oğurlandı. Masallı rayon prokurorunun müavini Mircavan Kazımov separatçılar tərəfindən həbs edildi. Pul əldə etmək məqsədilə imkanlı şəxslərin övladları oğurlanıb Ə. Hümbətovun zirzəmisinə salınırdı. Qorxuya düşmüş əhali həmin ərəfədə evindən bayıra çıxmağa belə cürət etmirdi. Getdikcə həyasızlaşan Ə. Hümbətov Bakıya ikinci ultimatum göndərdi.
Xatırladaq ki,  Lənkərandan çıxarılan Rusiya Müdafiə Nazirliyinin “N“ saylı hərbi hissəsinin silah anbarlarının və hərbi texnikasının Azərbaycanın Müdafiə Nazirliyinə deyil, Ə. Hümbətovun tabeliyinə verilməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.  Ölkənin sabiq müdafiə naziri Rəhim Qazıyevin tez-tez Lənkərana gedib Ə. Hümbətovla guya danışıqlar aparsa da gərginliyi azaltmadı, əksinə,  daha da artırdı. Sonra məlum oldu ki, sən demə, Rəhim Əlikrama “ağıl” verənlərdən biri imiş.

Hadisələrin qaynar çağında Rəhim Qazıyevlə Əlikram Hümbətov məsələni aydınlaşdırmaq üçün Ulu Öndər Heydər Əliyevin yanına gəldilər. Rəhim Qazıyevin Ə. Hümbətovun ultimatumunda göstərilən maddələrin qəbul olunmasını Heydər Əliyevdən xahiş etməsi aydın göstərirdi ki, müdafiə naziri separatçının yanındadır. Avqustun 13-də Heydər  Əliyevin yanında keçirilən müşavirədə  talışların ağsaqqallarının və nüfuzlu şəxslərin  Ə. Hümbətovu Azərbaycanı parçalamaqda ittiham etmələri  separatçıların planını alt-üst etdi. Talış ağsaqqallarının da Bakıdan separatçılar barədə qanun çərçivəsində ölçü götürülməsini tələb etdiklərini görən Rəhim Qazıyev daha gözə görünmədi...
Əlikramçılar darmadağın olunandan sonra 1995-ci ildə Azərbaycandan qaçıb Rusiyada gizlənən qondarma “Talış-Muğan Respublikası  Milli Məclis”inin sədri Fəxrəddin Abbaszadənin “tolishpress“ agentliyinə verdiyi müsahibəsindən aydın olur ki, o, xalqına qarşı tutduğu yoldan dönmək fikrində deyil. Abbaszadə Azərbaycanı parçalamaq istiqamətində yenə də “qızğın” fəaliyyət göstərir. Sankt-Peterburqda ayda 2 dəfə rus, talış və türk dillərində nəşr edilən “Tolış“ qəzetinə rəhbərlik edən bu şəxsin xalqımıza qarşı tutduğu düşmən mövqeyi yazılarında açıq  hiss olunur. 
Separatçılar dünyanın müxtəlif bölgələrində yaşayan talışlara və  Azərbaycanın parçalanmasında maraqlı olan separatçı kürd və ermənilərə, o cümlədən bir sıra beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdə həyasızcasına Azərbaycanda onların hüquqlarının tapdandığını iddia edirdilər. Bu şəxslər Ermənistanda müxtəlif mövzularla bağlı keçirilən “dəyirmi masa“ və forumlara qatılaraq açıq-aşkar öz “tarix“lərini bərpa etmək istiqamətində çalışdıqlarını bildirirdilər.

Azərbaycan vətəndaşlığından çıxarılandan sonra Əlikram Hümbətov dəfələrlə İrəvana və Xankəndiyə gedərək erməni “qardaşları” qarşısında Azərbaycan əleyhinə çıxışlar etmişdi.  Oğlu ilə İrəvan Dövlət Universitetində "mühazirə"lər oxuyan Hümbətov bütün "dərs"lərini Azərbaycana qarşı düşmənçilik ruhunda aparırdı.

Əlikram  Hümbətov və onun kimiləri lənətlənərək  artıq  tarixin  zibilliyinə atılmışlar. Ancaq Vətən xainlərinin əməlləri yaddan çıxmamalıdır və çıxmır. Gələcək nəsillərimiz dostunu, düşmənini tanımalıdır.  Azərbaycanın çörəyi belələrinə haram olsun!

Vəli İlyasov, “İki sahil”