11 iyul 2025 14:55
82

Xalq və dövlət qarşısında misilsiz xidmət

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı M.Qasımov küçəsi 1 ünvanı (Respublika “QİÇS”-lə Mübarizə Mərkəzi) üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyevin Azərbaycan Respublikasının dünya dövlətləri arasında öz yerini tutması üçün yorulmaz fəaliyyətindən geniş şəkildə bəhs etdi.

O, həmçinin öz çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır.

Azər Süleymanov, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki gördüyü misilsiz xidmətlərindən və Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin ata vəsiyyətini şərəflə yerinə yetirərək, tariximizə 44 günlük Vətən müharibəsində Zəfər yazmasından, prezidentlik fəaliyyəti dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirməsindən çox böyük həvəslə danışdı. Azər Süleymanov onu da bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması, möhkəmlənməsi, tarixi mədəni irsin qorunması, təhsilin, səhiyyənin inkişafı, əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli kimi olduqca vacib məsələlərin həllində böyük töhfələr vermişdir.

Daha sonra çıxış edən Respublika “QİÇS”-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və mərkəzin digər əməkdaşları Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını öz əhatəsində birləşdirməsindən, sözün əsl mənasında, ümumxalq partiyası olmasından bəhs etdilər. Bununla yanaşı, dövlət rəhbərliyinin səhiyyə təşkilatlarına göstərdiyi xüsusi diqqət və qayğısından da əhatəli şəkildə bəhs edərək, öz dərin təşəkkürlərini ifadə etdilər.

Tədbirdə bir neçə əməkdaşa partiya biletləri təqdim olundu. Partiya biletlərini Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov təqdim etdi.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndi.