Beynəlxalq iqtisadi araşdırma mərkəzləri ərzaq böhranı ilə üzləşəcək zəif ölkələr arasında Ermənistanı ilk sıralarda göstərirlər
Ermənistan blokada şəraitindən çıxmaq şansına malik olsa da, zaman itirməkdə davam edir. İtirilmiş hər gün isə Ermənistanı aclıq və səfalət təhlükəsinə doğru sürükləyir. Azərbaycan ilə sülh sazişinin hazırlanması prosesi uzandıqca, Ermənistan üçün bu təhlükə daha qorxunc görüntülər ala bilər. Məsələ ondadır ki, bəzi beynəlxalq iqtisadi araşdırma mərkəzləri bu barədə rəsmi İrəvana xəbərdarlıq etməyə başlayıblar. BMT-nin Ərzaq Proqramının regional nümayəndəsi Nana Skau yaxın günlərdə açıqlama verərək bildirib ki, Ermənistanda əhalinin 23 faizi – təxminən 600 min nəfər – ərzaq təhlükəsizliyi probleminə məruz qalıb. Üç milyonluq əhalisi olan Ermənistan üçün bu göstərici sadəcə sosial yox, həm də siyasi, iqtisadi və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Lakin Paşinyan hakimiyyəti və erməni siyasi dairələri bu reallığı ya görməzdən gəlir, ya da qəsdən susurlar. Ermənistan cəmiyyətində bu problem nə “top 10” ictimai diskussiyalarda yer alır, nə də Paşinyan hakimiyyətinin gündəmində diqqətə layiq hesab olunur. Halbuki bu 600 min nəfərlik göstərici hər bir dövlət üçün ciddi siqnaldır, xüsusilə də özünü “demokratik islahatlar aparan” kimi təqdim edən Paşinyan hökuməti üçün.
Paşinyan hökumətinin son illərdə reklam etdiyi “statistik iqtisadi artım” əslində real gəlir artımı deyil. Ermənistanın iqtisadi artımı sosial təbəqələr arasında son dərəcə bərabərsiz şəkildə bölünür. Rəqəmlərdən görünür ki, iqtisadi artımın bəhrələri yalnız Paşinyan komandasına yaxın olan oliqarx qruplar və iri ticarət çevrələri arasında dolaşır, sadə erməni sakin isə gündəlik çörək problemi ilə üz-üzədir. Bu vəziyyət Ermənistanın sosial strukturu üçün təhlükəli olduğu qədər, milli təhlükəsizlik üçün də ciddi təhdid yaradır. Ərzaq təhlükəsizliyi olmayan bir ölkədə nə daxili sabitlik, nə sosial dayanıqlıqdan danışmaq mümkündür. Amma Paşinyan hökuməti bu fundamental problemi sosial yardım və ya beynəlxalq donor təşkilatların vasitəsilə “müvəqqəti ört-basdır” etməyə çalışır. Ən acınacaqlısı isə odur ki, bu vəziyyətin yaranmasında məsuliyyət daşıyanlar – Paşinyan hakimiyyətində təmsil olunan məmurlar – hələ də özlərini “islahatçı” kimi təqdim edirlər. Əhalinin 23 faizinin aclıq və ərzaq çatışmazlığı ilə üzləşdiyi ölkədə bu cür ritorika sadəcə siyasi saxtakarlıqdır.
Ermənistanın Statistika Komitəsinin rəqəmlərinə və dövlət strukturlarının açıqlamalarına əsasən də, ölkədə kənd təsərrüfatı sahəsində tənəzzül sürətlənib. Ötən il geriləmə 0,7 faiz olub. Rəsmilərin bu məsələdə etirafı sözügedən sahədə ciddi problemlərin hələ uzun müddət həll olunmayacağına bir işarədir. Ekspert və iqtisadçıların da açıqlamaları erməni dövlətində aqrar sektorda tənəzzülün ildən-ilə artacağı yönündədir və optimist gözləntilərin sıfıra bərabər olduğu qeyd edilir. Məsələn, ötən ilin rəqəmlərinə görə, ölkədə kənd təsərrüfatı sektorunda istehsal 1.1 faiz azalma göstərib. 2023-cü ilin rəqəmlərinə də nəzər salsaq görərik ki, istehsal və balıqçılıq sahələrində 2021-ci ilə nisbətən 3 faiz geriləmə olub. Meşə təsərrüfatı sahəsində isə bu rəqəm 25,9 faiz təşkil edib. Hökumət tərəfindən reallaşdırılan proqramlar isə irimiqyaslı xarakter daşımır, bu sahədə də korrupsiya və rüşvət tüğyan edir. Məsələn, ötən ilin ilk üç ayı ərzində Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində yoxlamalar aparıb. Nəticədə keçmiş nazir müavini Ani İspiryan və nazirliyin 5 əməkdaşı həbs edilib. Onlar kənd təsərrüfatına dəstək proqramları ilə bağlı irimiqyaslı sui-istifadələrdə ittiham olunurlar. Ekspert icması uzun müddətdir ki, aqrar sahədə çoxmilyardlıq proqramların səmərəli icra olunmaması və gözlənilən nəticələri verməməsinə diqqət çəkir: aqrar sahədə nəinki irəliləyiş yoxdur, əksinə, mənfi göstəricilər də qeydə alınır. Son proseslər göstərir ki, bu proqramlar səmərəsiz olmaqla yanaşı, həm də korrupsiya elementlərini ehtiva edir.
Kənd təsərrüfatı sektorunun idarə edilməsinin təhlükə altında olması ilə bağlı narahatlıqlar dəfələrlə səsləndirilib. Ermənistanda uzun müddət quraqlıq hökm sürüb. Hökumət tərəfindən bunun nəticələrini aradan qaldırmaq üçün heç bir addım atılmayıb və həm bitkiçilik, həm də heyvandarlığa mənfi təsir göstərib. Keçən il məhsul istehsalının azalması göz qabağında idi. Məsələn, üzüm məhsulu 25 faiz az olub. Peşəkar dəstəyin olmaması səbəbindən kartof istehsalında ciddi azalma qeydə alınıb. Müxtəlif suvarma üsullarından istifadə oluna bilərdi, lakin bu edilməyib, nəticədə taxıl məhsulu az olub, bağ bitkilərinin də məhsuldarlığı aşağı olub. Bütün bu amillərin cəmi məhsul istehsalının həcminin azalmasını izah edir. Ermənistanda 2030-cu ilə qədər otlaqların sahəsi 19-22 faiz, məhsuldarlığı isə 4-10 faiz azalacaq. Bu, iqlim dəyişikliyi səbəbindən baş verəcək. Nəticədə yem istehsalının həcmi əhəmiyyətli dərəcədə azalacaq ki, bu da öz növbəsində təkcə heyvandarlıq sahəsinə deyil, bütövlükdə Ermənistanın ərzaq təhlükəsizliyinə də mənfi təsir göstərəcək.
Yuxarıda sadalananlardan da məlum olur ki, Nikol Paşinyan hökuməti 6 il ərzində Ermənistanın iqtisadiyyatının bütün sahələrinə sağalmaz yaralar vurub. Əgər yaxın iki il ərzində hökumət bu sahədə ciddi addımlar atmasa, erməni dövlətində sözün əsl mənasında aclığın dərinləşəcəyi qaçılmaz olacaq.
Sevinc Azadi, “İki sahil”