14 iyul 2025 22:46
112

Qələmlə öyrədənlər: Publisistlərimizin pedaqoji missiyası

Azərbaycan publisistikasının yolu təkcə qəzet səhifələrindən keçməyib. Bu yol həm də sinif otaqlarından, auditoriyalardan, tələbə dəftərlərindən, gənc qələm sahiblərinin qeydlərindən keçib. Bizim publisistlər – sözlə cəmiyyətə işıq tutanlar – eyni zamanda pedaqoq kimi yeni nəslin formalaşmasına yön veriblər. Onların qələmi nə qədər kəskin olubsa, ürəkləri bir o qədər ilıq, yolgöstərən olub.

Bu yol   Zərdabinin “Əkinçi”sində cücərdi, Əli bəyin “Füyuzat”ında boy atdı.

Bəli ,Əli bəy Hüseynzadə bu yolun davamçısı kimi publisistikaya milli ruh, fəlsəfi dərinlik və ideoloji əsaslar gətirdi.

O, təkcə “Həyat” və “Füyuzat” kimi mətbu orqanlarda fikir azadlığının bayraqdarı deyildi, həm də bir müəllim idi. Tələbələrinə yalnız bilik yox, həm də milli ruh aşılayırdı. Onun dərsləri auditoriyada bitmir, cəmiyyətə səpələnən ideya toxumlarına çevrilirdi.

Eyni zamanda, Əhməd bəy Ağaoğlu publisistik fəaliyyətini müəllimliklə birləşdirən digər nəhəng şəxsiyyətlərdən idi. O, universitetdə keçdiyi hər dərsi bir maarifləndirmə missiyasına çevirirdi. Yazdığı hər məqalə isə bir “açıq dərs” idi – xalq üçün, millət üçün.

Zaman keçdi, publisistika yeni nəfəs aldı. Cahangir Məmmədli, Vaqif Arzumanlı, Tofiq Hüseynzadə kimi adlar artıq auditoriya ilə qəzet səhifəsi arasında bir körpü oldular. Onlar tələbələrə publisistikanın incəliklərini öyrədərkən, eyni zamanda, həyat dərsi də verirdilər: sözün məsuliyyəti, cəmiyyət qarşısında jurnalistin borcu, haqqa xidmət etmək ehtiyacı…

Publisist pedaqoqların fəaliyyətində bir ortaq xətt var – onlar üçün “öyrətmək” bir peşə deyil, həyat tərzidir. Auditoriyada öyrətdiklərini yazılarında cəmiyyətə yönəldir, yazılarında qaldırdıqları sualları tələbələri ilə müzakirə edirdilər.

Yazdıqları hər sətir bir dərs planı, çıxış etdikləri hər tribun – bir kürsü idi. Publisist-pedaqoqlar bu xalqın fikrini formalaşdırdı, qəlbini oyatdı, yoluna işıq saldı.

Bu gün onların yetişdirdiyi tələbələr-artıq öz tələbələrini yetişdirir. Qələm əldən ələ  keçir, amma o qələmin ruhu dəyişmir: vicdanla yazmaq, haqqın yanında dayanmaq, sözlə öyrətmək!

Çünki bəziləri dərs deyir… bəziləri isə dərs olur.

Əzizə Hakverdi,
Bakı Slavyan Universiteti, Sosial elmlər fakültəsi,
Jurnalistika ixtisası, II kurs tələbəsi