15 iyul 2025 01:39
117

Sənayeləşmənin yeni mərhələsi başlayıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 31,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Avropa Yenidənqurma və İnkişaf Bankının  «Regional iqtisadi perspektivlər» hesabatında Azərbaycanın iqtisadi artımı 2025-ci ildə 3 faiz , 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırılıb. Proqnozlar artıq özünü doğrultmaqdadır. Belə ki, 2025-ci ilin yanvar-may aylarında respublikamızda 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu rəqəm və faktlar Dövlət Statistika Komitəsinin mətbuat üçün açıqlamasında da yer alıb.

Bildirilir ki, ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət, 7 faizi nəqliyyat, 6,2 faizi tikinti, 4 faizi kənd təsərrüfatı, 2,8 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artmışdır. Sənaye məhsulunun 61,8 faizi mədənçıxarma, 31,6 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul  istehsalı  sahələrinə, 2672,0 milyon  manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuş, 153 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 20269,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10304,3 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 9964,8 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 339,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2025-ci ildə ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29642,0 milyon manatlıq, o cümlədən 16262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13379,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.

Cari ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları almışdır.  O da qeyd olunur ki, hesabat dövründə ÜDM-in artımını qeyri-neft-qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri- neft-qaz sektoru təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb.

Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Elçin Zaman, "İki sahil"