Azərbaycanın ev sahibliyi etdiyi COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı yalnız beynəlxalq siyasətdə deyil, ölkənin yaşıl enerji gündəliyinin təqdimatı baxımından da tarixi bir mərhələ oldu. Bakı şəhərinin bu mötəbər tədbirə ev sahibliyi etməsi bir daha göstərdi ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal və məsuliyyətli aktor kimi çıxış edir.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın yaşıl enerji istiqamətindəki konkret hədəflərini açıqladı. O qeyd etdi ki, ölkə 2030-cu ilə qədər imzalanmış beynəlxalq investisiya müqavilələri çərçivəsində ən azı 6 giqavatlıq yaşıl enerji – Günəş, külək və hidroelektrik enerjisi istehsal etməyi planlaşdırır. Bu rəqəm Azərbaycan üçün təkcə enerji istehsalı baxımından deyil, həm də ekoloji sabitlik və enerji təhlükəsizliyi sahəsində mühüm addımdır.
Xüsusilə diqqətəlayiq məqamlardan biri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bu strategiyada aparıcı rol oynamasıdır. Artıq həmin ərazilərdə 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası istismara verilib. Bu layihələr bir tərəfdən ərazilərin bərpası və iqtisadi inteqrasiyasını təmin edir, digər tərəfdən isə regionun "yaşıl enerji zonası"na çevrilməsi yolunda mühüm mərhələ sayılır.
Azərbaycanın yanaşması yalnız ambisiyalı rəqəmlərlə ölçülmür. Prezident İlham Əliyev çıxışında bu məsələyə realist və praqmatik yanaşmanın vacibliyini vurğuladı. O bildirdi ki, planetin qorunması ümumbəşəri məsələ olsa da, ətraf mühit böhranına ən çox səbəb olan dövlətlər məsuliyyəti daha çox daşımalıdır. Bu mövqe ədalətli enerji keçidinə və qlobal məsuliyyət bölgüsünə dair prinsipial yanaşmanı ortaya qoyur.
COP29 çərçivəsində yaşıl enerji məsələsi ilə yanaşı, ədalətli iqlim maliyyələşməsi, texnologiyaların paylaşımı, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq kimi məsələlər də geniş müzakirə olundu. Azərbaycan bu debatlarda həm körpü rolunu oynadı, həm də regional təcrübəsini beynəlxalq auditoriya ilə bölüşdü.
Yaşıl enerji yalnız ekologiyanın deyil, həm də iqtisadiyyatın və geosiyasətin strateji tərkib hissəsinə çevrilməkdədir. Azərbaycanın bu sahədə vaxtında atdığı addımlar, imzalanmış sazişlər və başlanan iri həcmli layihələr ölkənin enerji sektorunda dönüş nöqtəsi yaradır. Bərpa olunan enerji sahəsində atılan bu addımlar Azərbaycanın enerji ixracatçısı olaraq mövqeyini daha da gücləndirəcək, eyni zamanda daxili tələbatı ekoloji cəhətdən təmiz resurslar hesabına qarşılamağa şərait yaradacaq.Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda yaşıl enerji və iqlim dəyişikliyi məsələlərində mühüm söz sahibi olmağa doğru irəliləyir. COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək və orada real hədəflərlə çıxış etmək Azərbaycanın bu sahədə ciddi siyasi iradə nümayiş etdirdiyini sübut edir.
Cavid Mehtizadə,
YAP-Xətai rayon təşkilatının fəalı