2024-cü ilin ən mühüm hadisələrindən biri şübhəsiz ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı oldu. Bakı şəhəri bu mötəbər tədbirlə yalnız regional deyil, həm də qlobal diqqətin mərkəzinə çevrildi. COP29-un ölkəmizdə keçirilməsi təkcə ekoloji baxımdan deyil, həm də diplomatik və strateji mənada böyük uğur kimi qiymətləndirilir.
Konfransda dünyanın 197 ölkəsindən nümayəndə heyətləri iştirak etdi. Tədbirə qeydiyyatdan keçmiş iştirakçıların sayı 77 mini keçdi ki, bu da COP tarixində ən geniş miqyaslı forumlardan biri oldu. 70-ə yaxın dövlət və hökumət başçısının bu tədbirdə iştirakı isə tədbirin qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev öz çıxışında bu faktları xüsusi vurğulayaraq bildirdi ki, bu miqyas Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir.
Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Ölkəmiz illərdir ki, enerji keçidi və ekoloji dayanıqlılıq sahəsində konkret addımlar atır. Elektrik enerjisi istehsalında Azərbaycanda nə kömürdən, nə də mazutdan istifadə olunur. Əsas enerji mənbələri su və təbii qazdır. Son illərdə isə alternativ və bərpa olunan enerji – xüsusilə Günəş və külək enerjisi üzrə böyük layihələr icra edilir. Bu, Azərbaycanın ekoloji dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.COP29 çərçivəsində aparılan müzakirələr sadəcə emissiyaların azaldılması və iqlim dəyişikliyinə qarşı tədbirlərlə məhdudlaşmadı. Forum həm də ədalətli enerji keçidi, dayanıqlı inkişaf, qlobal əməkdaşlıq və texnologiyaların paylaşılması kimi fundamental mövzuları əhatə etdi. Qlobal Cənub ölkələrinin maliyyə dəstəyi məsələsi də ön plana çəkildi və bu sahədə Azərbaycanın balanslı və təşəbbüskar mövqeyi xüsusi rəğbətlə qarşılandı.
Bundan əlavə, COP29 Azərbaycanın beynəlxalq imicinə yeni çalarlar gətirdi. Tədbirdə iştirak edən on minlərlə qonaq ilk dəfə ölkəmizə səfər etdi, Azərbaycanın zəngin mədəniyyəti, qonaqpərvərliyi və dinamik inkişafı ilə tanış oldu. Bakı qısa müddətdə ekoloji diplomatiyanın mərkəzinə çevrilərək, dialoq və əməkdaşlıq platformasına çevrildi.
Azərbaycanın qlobal iqlim gündəliyinə töhfəsi həm də onun "yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində irəli sürdüyü təşəbbüslərlə möhkəmləndirildi. COP29-un yekun sənədlərində Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə aktiv və məsuliyyətli aktor kimi tanınması mühüm siyasi və ekoloji uğur oldu.
Nəticə etibarilə, COP29 Azərbaycanın dünyaya təqdim etdiyi strateji vizyonun, ekoloji məsuliyyətinin və diplomatik gücünün bir təcəssümü oldu. Bu forum ölkəmizin yaşıl inkişaf yolunda nə qədər ciddi və qətiyyətli olduğunu sübut etməklə yanaşı, dünya ictimaiyyətini də bu mühüm məsələdə həmrəyliyə çağırdı.
Ənvər Bayramov,
YAP Xətai rayon təşkilatı məsləhətçisi