İqlim dəyişmələri bu gün dünyanın qarşısında duran ən ciddi problemlərdən biridir. Bu böhranla mübarizədə qlobal həmrəylik və qarşılıqlı anlaşma həlledici rol oynayır. Məhz bu baxımdan, Azərbaycanın COP29-a ev sahibliyi etməsi mühüm hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu tədbir ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, qlobal ekoloji gündəliyə də real töhfələr verdi.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumu çərçivəsində verdiyi açıqlamalarda da vurğulandığı kimi, COP29-da əldə olunmuş ən mühüm nailiyyətlərdən biri, illərdir mübahisə mövzusu olan 6-cı maddə üzrə razılığın əldə olunmasıdır. Bu maddə karbon bazarlarının fəaliyyətini tənzimləyir və 10 ildən artıq müddətdə konkret nəticə əldə olunmamışdı. Azərbaycanın yaratdığı konstruktiv mühit və şəxsi liderlik səyləri nəticəsində bu məsələ üzrə razılıq mümkün oldu. Bu, COP29-un ən tutarlı nəticələrindən biri kimi qiymətləndirildi.
Bundan əlavə, Azərbaycan qlobal maliyyə öhdəliklərinin artırılmasına da nail oldu. Əvvəlcədən nəzərdə tutulan 100 milyard ABŞ dolları həcmindəki vəsaitin 300 milyard ABŞ dollarına qədər artırılması COP29-un digər mühüm nəticəsi oldu. Bəzi ölkələr bu qərarı tənqid etsələr də, bu, inkişaf etməkdə olan ölkələrin iqlim problemləri ilə mübarizədə daha çox dəstək alması üçün mühüm addımdır. Azərbaycanın təşəbbüslərinə demək olar ki, bütün ölkələr dəstək verdi və yalnız siyasi səbəblərə görə iki ölkə bu təşəbbüslərə qoşulmadı.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan karbon emissiyalarına ən böyük töhfə verən ölkə deyil, lakin yaşıl gündəliyə sadiqlik, iqlim diplomatiyasında aktiv iştirak və müxtəlif qütblər arasında körpü rolunu oynamaq ölkəmizi qlobal miqyasda nüfuzlu tərəfdaş kimi tanıtdı. Bu, BMT və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi.
Bununla yanaşı, Şuşa Forumunda Azərbaycanın “Yaşıl Keçid Proqramı” ilə bağlı planları da geniş təqdim olundu. 2030-cu ilə qədər ölkə 6 giqavat gücündə bərpa olunan enerji istehsalı hədəfi ilə çıxış edir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 280 meqavat gücündə 30 su elektrik stansiyası fəaliyyət göstərir. Günəş və külək enerjisi layihələri də genişlənir. Bu, Azərbaycanın yaşıl enerji üzrə liderliyini möhkəmləndirir.Eyni zamanda, Prezident vurğuladı ki, enerji keçidi zamanı neft və qaz resurslarının da hələlik əsas rol oynadığı reallıqdan qaçmaq olmaz. Neft və qaz gəlirləri hesabına bərpa olunan enerji sahəsindəki investisiyalar həyata keçirilir. Bu da Azərbaycanın balanslı və praqmatik siyasətinin göstəricisidir.
Sonda isə Prezident belə bir sualı gündəmə gətirdi: “COP30, COP31 və COP32 necə olacaq?” Bu sual açıq qalır. Xüsusən də ABŞ-ın qlobal lider kimi bu məsələlərə münasibəti, dünya üzrə ekoloji gedişata ciddi təsir göstərəcək. Azərbaycanın rolu isə aydındır – ölkəmiz gələcək sammitlərə möhkəm əsas qoyaraq, yaşıl gündəlik və qlobal dialoq sahəsində nümunəvi fəaliyyətini davam etdirəcək.
Günay İsmayılova,
YAP xətai rayon təşkilatının fəalı,
204 sayı məktəbin müəllimi