Şuşa şəhərində artıq üçüncü dəfədir ki, beynəlxalq əhəmiyyətli bir tədbir – Qlobal Media Forumu keçirilir. Bu forumun ardıcıl şəkildə baş tutması onu göstərir ki, o, artıq yalnız bir tədbir yox, həm də ənənəyə çevrilməkdədir. Ənənəvi hal alan bu forumun coğrafiyası ildən-ilə genişlənir, iştirakçı sayı artır və onun beynəlxalq mediada əks-sədası daha da güclənir. Bu faktlar açıq şəkildə sübut edir ki, informasiya təhlükəsizliyi, söz azadlığı və media etikası kimi mövzular qlobal müzakirələrdə prioritet mövqe tutur.
Şuşada keçirilən bu forumun əsas əhəmiyyəti yalnız media ilə məhdudlaşmır. Forum, eyni zamanda, qlobal siyasət, texnologiya və informasiya cəmiyyətinin çağırışlarını da özündə ehtiva edir. Xüsusilə, süni intellektin inkişafı fonunda informasiya axınının keyfiyyətinə, saxta xəbərlərlə mübarizəyə və kütləvi informasiya vasitələrinin məsuliyyətinə dair ciddi müzakirələr aparılır.
2025-ci il iyulun 19–21-də Şuşada keçirilən III Qlobal Media Forumu “Rəqəmsal Yollar: Süni İntellekt Dövründə Məlumat və Media Dayanıqlığının Gücləndirilməsi” mövzusuna həsr olunmuşdur. Forumda 52 ölkədən 140 xarici nümayəndə daxil olmaqla ümumilikdə 255 iştirakçı yer almışdır.
Prezident İlham Əliyev forumun açılışında çıxış edərək, bu tədbirin artıq bir ənənəyə çevrildiyini və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışdır .
Forumda süni intellektin media sahəsində yaratdığı imkanlar və risklər müzakirə olunmuş, saxta xəbərlərin yayılmasının cəmiyyətə və fərdlərə təsiri, media savadlılığının artırılmasının əhəmiyyəti vurğulanmışdır.
Prezident İlham Əliyev öz çıxışında bu forumun keçirilməsinin strateji əhəmiyyətini vurğuladı. Bildirdi ki, dünya dəyişir və bu dəyişikliklər media vasitəsilə cəmiyyətlərə ötürülür. Ona görə də belə platformalarda şəffaf və səmimi müzakirələrin aparılması vacibdir. Əslində, məhz mətbuat bu dəyişiklikləri cəmiyyətə çatdırmaq, obyektiv təsvir vermək və ictimai rəyin formalaşmasında mühüm rol oynayır.
Bu ilki Forumun fərqləndirici cəhətlərindən biri də onun Xankəndidə – Zəfər meydanı yaxınlığında yerləşən yeni Konqres Mərkəzində keçirilməsi oldu. Bu, simvolik addım olmaqla yanaşı, həm də regionda baş verən dəyişikliklərin göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Binalar bərpa olunur, infrastruktur qurulur, vətəndaşların qayıdışı təmin edilir. Bu reallıqlar beynəlxalq ictimaiyyətin, o cümlədən media nümayəndələrinin diqqətindən yayınmamalıdır.
Forum iştirakçıları üçün təkcə müzakirələr deyil, həm də bölgədə görülmüş işlərlə tanışlıq imkanları yaradılıb. Onlar azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini əyani şəkildə görür, Azərbaycanın sülh və inkişaf niyyətini yerindəcə müşahidə edirlər. Bu, həm də Azərbaycanın nə qədər məsuliyyətli və gələcəyə yönəlmiş strategiya həyata keçirdiyini nümayiş etdirir.
Qlobal Media Forumu, xüsusilə postmüharibə dövründə informasiya təhlükəsizliyi və media etikası məsələlərinin aktuallaşdığı bir vaxtda, mühüm və zamanında təşkil olunmuş bir platformadır. Burada əldə olunan fikir mübadilələri təkcə Azərbaycan üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün yeni yanaşmalar və perspektivlər təqdim edir.
Beləliklə, Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya məkanında aparıcı rol oynadığını, ölkəmizin regional və beynəlxalq miqyasda media sahəsində də təşəbbüskar olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi həm ölkəmiz üçün, həm də beynəlxalq ictimaiyyət üçün böyük fayda və perspektiv vəd edir.
F.Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi