“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tarixi və qiyməti fikri iki həftə ərzində Bakıda keçirilən tədbirdə bir daha təsdiqini tapdı.Elə dünyanın Azərbaycana toplaşmasının özü də bir tarixi hadisə idi. Həmçinin uğurla başa çatan COP29 tədbiri dünya diplomatiya tarixinə də ölkəmizin adını yazdı. Dövlətimizin başçısı, Prezident İlham Əliyev ötən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan dərhal sonra keçirdiyi müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının növbəti böyük uğuru olacaq.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir.
Beləliklə, bütün dünyanın toplaşdığı COP29-da ekoloji problemlərlə bağlı əməkdaşlıqda yeni bir mərhələnin əsası qoyuldu.
Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, biz buna layiqik. Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olarıq. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır. Bu sahədə nümunə olan ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir. Artıq xarici investisiyalar hesabına Azərbaycanda yaşıl enerji istehsalında mühüm nailiyyətlər əldə olunub.
Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi.
Y.Məmmədova,
YAP Xətai rayon təşkilatının üzvü