22 iyul 2025 11:39
385

Müzəffər Liderliyin ali təcəssümü

Fikirlərimi Ulu Öndər Heydər Əliyevin tarixi müraciətində vurğuladığı kəlamı və bu dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı, Prezident İlham Əliyevin ifadəsi ilə başlamaq istərdim: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

"Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".

Bəli, məhz bu kəlamların istər siyasi, istərsə də mənəvi əhəmiyyətini təhlil edərkən bir daha aydın olur ki, Heydər Əliyev nə qədər müdrik, uzaqgörən və nəhəng strateq olub. Onun bu ölçüyəgəlməz məziyyətləri isə bilavasitə Azərbaycan dövlətinin, Azərbaycan xalqının parlaq gələcəyinə hesablanmış böyük fədakarlıq nümunəsidir. Əgər bu gün Azərbaycan xalqı, hər bir vətənsevər yeniyetmə, gənc, orta və yaşlı nəsil nümayəndələri Ümummilli Lider Heydər Əliyevi xatrlayırsa, anırsa, demək ki, bu günün güclü, qüdrətli və ən nəhayət, qalib ölkəsinin təməlinin məhz Onun – böyük dövlət xadiminin tərəfindən qoyulduğunu minnətdarlıq hissi ilə dərk edir. Çünki Heydər Əliyev amalının əbədiyaşar siyasət olduğunu bilir, bu siyasətin Ulu Öndər tərəfindən layiqli siyasi varisinə ötürüldüyünü xatırlayır, xalqın isə tarixi bəyanata birmənalı dəstək göstərdiyini qürurla anırıq. Bu, həm də bir mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümüdür ki, hər xalqa, hər millətə nəsib olmur.

Eyni zamanda, əgər Azərbaycan qalibiyyət, tərəqqi, inkişaf yolunu tutubsa, zəfərlərə imza atıbsa, regional gücdən beynəlxalq aləmə dinamik sıçrayış edibsə, bütün bunların təməlində Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı yaşadan, inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə – İlham Əliyev faktoru və onun da əsasında dövlət-xalq sarsılmazlığının vəhdəti dayanmaqdadır. Əbəs deyil ki, biz İlham Əliyev reallığı barədə fikir bildirərkən Onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi də vurğulayırıq. Bu iki ayrılmaz və danılmaz məfhum mütərəqqi Liderlik gerçəkliyini bütün çalarları ilə əks etidrməkdədir. Yəni bizlər İlham Əliyevin fəaliyyəti istiqamətindəki faktiki gerçəkliklərə sistemli olaraq nəzər salsaq, bir çox enişli-yoxuşlu keçidlərin, mərhələlərin şahidlərinə çevirlmiş olarıq. Bu ifadə İlham Əliyevin üzərinə düşən və ardıcıllığı ilə seçilən missiyanın mühüm xarakterlərinin ilk göstəricilərindəndir.

Prezident İlham Əliyev Azərbaycanda alternativsiz lider, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadimi olaraq tanınmaqdadır. Bu mənada, Ulu Öndər Heydər Əliyevin 2003-ci ildəki prezident seçkiləri ərəfəsində irəli sürdüyü daha bir fikrini diqqətə çatdırmaq yerinə düşərdi. O, cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir".

Ümumiyyətlə, bu ifadələr İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, Onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün İlham Əliyev hakimiyyəti möhkəm, sarsılmaz dövlətçilik ucalığı üzərində dayanmaqdadır. O cümlədən qlobal dünyamızda baş verən hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq, əsaslı qərarlar qəbul etmək birmənalı olaraq cənab İlham Əliyevin dövlət xadimi olaraq həm də dövləti idarəetməsinin əhəmiyyətli əsasını təşkil edir.

ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Bu xüsusda, bəzi mühüm nüanslara diqqət ayırmaq istərdim. 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibli planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti ilə işlənilir və həyata keçirilirdi. O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmiriradəli Lider, böyük strateq gələ bilərdi.

Söz yox ki, qələbəyə doğru atılan addımların hər birindən sonra növbəti atılacaq addımlar, qərarlar da düşünülürdü və bunların hər birinin yükü Böyük Sərkərdənin – Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm çiyinlərində dayanırdı.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri əslində, Ali Baş Komandanımızın bir neçə il əvvəl səsləndirdiyi və yuxarıda vurğuladığımız "Qarabağ Azərbaycandır!" bəyanatının möhtəşəm nidası oldu.

Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi. Müzəffər Liderliyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad!

Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət, eyni zamanda, Müzəffər Lider kimi adını da əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı, eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı yürütdüyü 30 illik işğalçılıq, talançılıq, barbarlıq, terrorçuluq siyasətinə görə əməli şəkildə cəzalandırdı. Xüsusilə Şuşamızın işğaldan azad olunması münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı ki, Onun həmin ifadələrini məqalənin əvvəlində qeyd etmişəm. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işağl altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də, bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir.

Dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması isə artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

T.Paşayeva,
YAP Xətai rayon təşkilatı