Amerikanın “Omega Ophthalmics” şirkətinin hazırladığı platforma sayəsində göz almasına yalnız müxtəlif sensor və linzaları deyil, əlavə və qarışıq reallığı bilavasitə insanın gözünə inteqrasiya edən mürəkkəb elektron qurğuları da implantasiya etmək mümkün olacaq.
“Omega Gemini Refractive Capsule” adlı platforma şprisin köməyi ilə gözün qişasının altına yeridilən elastik konteynerdən ibarətdir. Göz implantatının yenilik olmadığı məlumdur, lakin indiki halda alimlər bir qədər irəli gedərək orijinal göz büllurunu sünisi ilə əvəz edirlər. Biometrik sensorlar və ya istənilən digər qurğular iynə ilə konteynerə daxil edilir. İnsanın görmə qabiliyyətini yaxşılaşdırmaq üçün konteynerin daxilinə elastik linza yeridilir.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, platformanın yaradıcıları inqilabi yenilik etmək üçün digər tədqiqatçılara bu layihəyə qoşulmağı təklif edirlər. Bununla belə, heç kim yaxşı görən gənc insanların öz gözlərinə müxtəlif qadcetləri implantasiya edəcəklərini gözləmir. Platforma, ilk növbədə, görmə imkanı məhdud olan və ya digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Yaşlı insanların gözləri qarşısında mağaza və ya evə gedən yolun dəqiq xəritəsi olacaq, çünki illər ötdükcə insanların əksəriyyətində yaddaş və oriyentasiya ilə bağlı problemlər yaranır. Lakin platformanın hərbi sahədə də tətbiq ediləcəyi istisna deyil.
Qeyd edək ki, şirkət yeddi pasiyent üzərində altı ay kliniki sınaqlar keçirib və hələlik heç bir əks təsir aşkar etməyib. Daha çox insanla əlavə kliniki sınaqların keçirilməsi, həmçinin mövcud texnologiyanın təkmilləşdirilməsi şirkətin gələcək planlarına daxildir. İdeyanın inkişaf etdirilməsi üçün vacib olan əlavə investisiyaları isə böyük şirkətlər təmin edə bilərlər.