24 iyul 2025 08:00
130

İsmayıllıda çaylarda daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülür

İsmayıllı rayonunda mərkəz və ətraf yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədi ilə çaylarda məcraların tənzimlənməsi işlərinə başlanılıb

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi çay məcralarında buldozerlə 146 m3 sahədə tənzimləmə işləri görüb. Hazırda texnikalar vasitəsi ilə Ax-ox çayda sahil bərkitmə işlərinə başlanılıb. Bu çayda artıq dördüncü dəfədir ki, tədbirlər aparılır. Buna səbəb yaz aylarında yağan güclü yağışlar nəticəsində mühafizə zolaqlarının dağılmasıdır.

Ax-ox çayda 40 kilometrdən artıq sahil mühafizə bəndi vurulub və bu işlər davam etdirilir.

Qeyd edək ki, İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı idarəsinin 8833 hektar fiziki suvarılan sahəsi var. Bundan 492 hektar mexaniki üsulla suvarılır.