ABŞ Müdafiə Nazirliyi (Pentaqon) quruda əsaslı nüvə silahı daşıya bilən raketlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulan 934 milyon dolları, böyük ehtimal, Qətərin prezident Donald Trampa hədiyyə etdiyi təxminən 400 milyon dollar dəyərində olan "Boeing 747-8" təyyarəsinin təkmilləşdirilməsinə yönəldib.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, yenidən bölüşdürülmüş məbləğin tamamının təyyarənin təmiri və yenidən qurulmasına sərf edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin Ağ Ev rəsmiləri nəşrə özəl olaraq təsdiqləyiblər ki, Qətərin hədiyyə etdiyi "Boeing"in təkmilləşdirilməsi üçün vəsait nüvə silahlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulan büdcədən borc götürüləcək.
Qəzetin yazdığına görə, sözügedən təyyarənin prezident təyyarəsinə çevrilməsi bir ildən iki ilə qədər vaxt apara bilər.
Bundan əvvəl “Washington Post” qəzeti Qətərin hədiyyə etdiyi və dəyəri təxminən 400 milyon dollar olan təyyarənin ölkənin yüksək səviyyəli rəsmisini daşıyan təyyarə üçün bütün tələblərə cavab verməsi üçün təmirinin təxminən 1,5 milyard dollara başa gələcəyini yazmışdı.