27 iyul 2025 22:16
117

Qazaxıstan MN: İtən helikopterin axtarışı gecə-gündüz davam edir

İyulun 25-də itkin düşən Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopterinin göyərtəsində olanların hamısının yerini müəyyənləşdirmək üçün Sorbulak su anbarı ərazisində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, işlər intensiv və gecə-gündüz aparılır. Əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı, həmçinin kinoloji qruplar iştirak edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlar çətin şəraitdə aparılır: mürəkkəb sualtı relyef, lil və palçığın çoxluğu görüntü qabiliyyətini sıfır edir.

Axtarış-xilasetmə əməliyyatları yekun nəticələr əldə olunana qədər davam edəcək.

Xatırladaq ki, Almatı vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopteri planlı uçuş zamanı radarlardan itib. Üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan helikopterlə Otar ərazisində əlaqə itib.