ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsində razılıq əldə olunub.
“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, razılaşmanın detalları hələlik açıqlanmasa da, Avropa İttifaqından (Aİ) ABŞ-a ixrac olunan məhsulların əvvəlki dövrlərlə müqayisədə daha yüksək gömrük rüsumlarına məruz qalacağı məlum idi. Donald Tramp görüşdən əvvəl gömrük tariflərini 15 faizdən aşağı salmaq niyyətində olmadığını bəyan etmişdi.
Aİ-nin danışıqlardakı əsas məqsədi isə ABŞ rəhbərliyinin əvvəlcə təklif etdiyi 30 faizlik tarifdən xeyli səviyyəli nəticə əldə etmək idi. Ursula Fon der Lyayen görüş ərəfəsində mümkün razılaşmanı “bizim hər birimizin indiyədək imzaladığı ən böyük müqavilə” adlandırmışdı.
Qeyd edək ki, Aİ bu razılaşmaya nail olmasaydı, ticarət mübahisəsinin daha da alovlanması riski yaranacaqdı. Belə ki, Prezident Donald Tramp qarşı tərəfin güzəştə getməyəcəyi təqdirdə avqustun 1-dən etibarən əlavə gömrük tarifləri tətbiq edəcəyini bildirmişdi. O, bu siyasəti ticarət balansındakı qeyri-bərabərliyi aradan qaldırmaq və istehsalı ABŞ-a geri qaytarmaq niyyəti ilə izah edirdi.
Avropa Komissiyası isə tətbiq edilən gömrük rüsumlarını haqsız sayır və onların Ümumdünya Ticarət Təşkilatının (WTO) qaydalarına uyğun olmadığını bildirir. Aİ razılığın əldə olunmayacağı təqdirdə, ABŞ-a qarşı tətbiq olunacaq 93 milyard avroluq əks rüsumlardan ibarət tədbirlər paketini 27 üzv ölkə arasında razılaşdırmışdı. Həmin tədbirlər paketinin avqustun 7-dən tətbiq olunması gözlənilirdi.
Avropa İttifaqının kompromisə getməsinin səbəblərindən biri də bir çox üzv dövlətin ticarət qarşıdurmasının daha da dərinləşməsini yüksələn gömrük tariflərindən daha ciddi təhlükə kimi qiymətləndirməsidir. Almaniya Kansleri Fridrix Merts (CDU) son aylarda sürətli razılaşmanın vacibliyini dəfələrlə vurğulayaraq, uzun və çətin danışıqlardansa, tez və sadə həll yolunun daha məqsədəuyğun olduğunu açıqlamışdı.