31 iyul 2025 10:05
396

Ana dilinin qorunması və inkişaf etdirilməsi prioritetdir

Azərbaycan xalqının mədəni və mənəvi dəyərləri içərisində Azərbaycan dili xüsusi yer tutur. Hər bir xalqın varlığının, tarixinin, mədəniyyətinin və kimliyinin əsas göstəricilərindən biri onun dilidir. Azərbaycan dili də əsrlər boyu xalqımızın formalaşmasında, birliyində və milli özünüdərkində aparıcı rol oynamışdır. Bu baxımdan 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi əhəmiyyət daşıyan gündür.

Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qrupuna daxildir və zəngin tarixi keçmişə malikdir. Dillə bağlı rəsmi günün təsis olunması isə ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanılması və inkişafı üçün mühüm qərarlar qəbul etmiş, dərin və strateji yanaşma sərgiləmişdir.

1995-ci il avqustun 1-də Ümummilli Lider Heydər Əliyev latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı fərman imzaladı. Bu qərarla həm ölkənin müstəqilliyi möhkəmləndirildi, həm də milli kimliyimizin simvollarından biri olan dilimiz daha da qüvvətləndirildi. Məhz bu səbəbdən 1 Avqust hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Azərbaycan əlifbası tarix boyu bir neçə mərhələ keçib. Ərəb, latın və kiril əlifbalarından istifadə olunub. Sovet dönəmində latından kirilə keçid dilin inkişafına ciddi maneələr törətdi. Ancaq müstəqillik qazanıldıqdan sonra Azərbaycan yenidən latın qrafikasına keçdi, bu da həm milli, həm də beynəlxalq inteqrasiya baxımından müsbət addım oldu.

Latın qrafikalı əlifba Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə daha yaxındır və müasir texnologiyalarla işləməyə daha əlverişlidir. Gənc nəsillərin dünya ilə ünsiyyəti, informasiya texnologiyalarından istifadə imkanları da bu dəyişikliklə genişləndi.

Konstitusiyamızın 21-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu, sadəcə bir hüquqi norma deyil, eyni zamanda dilin qorunması və inkişaf etdirilməsi üçün əsas platformadır. Dövlət dili statusu Azərbaycan dilinə xüsusi önəm verir və onun tədrisi, öyrədilməsi və tətbiqi ilə bağlı mühüm vəzifələr qoyur.

Dövlət orqanlarında, təhsil müəssisələrində, KİV-lərdə və ictimai həyatda Azərbaycan dilindən istifadə prioritet məsələdir. Əlavə olaraq, Azərbaycan dili diasporamız üçün də birləşdirici rol oynayır. Xaricdə yaşayan azərbaycanlılar dil vasitəsilə milli kimliklərini qoruyurlar.

Hazırda Azərbaycan dilinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramları həyata keçirilir. Dilimizin lüğət tərkibinin zənginləşdirilməsi, terminologiyanın inkişafı, yeni nəşrlərin hazırlanması və texnoloji platformalarda geniş istifadəsi əsas hədəflər sırasındadır.

Sosial media və internetin geniş yayıldığı bir dövrdə Azərbaycan dilinin saflığının qorunması, dil normalarının pozulmaması, əcnəbi sözlərin lüzumsuz işlənməsinin qarşısının alınması vacib vəzifələrdəndir. Eyni zamanda, gənc nəslə ana dilinə sevgi aşılamaq, dilin zənginliyini göstərmək mühüm məsələdir.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü, təkcə bir bayram deyil, həm də milli kimliyimizin, mədəni varlığımızın simvoludur. Bu gün bizə dilimizə sahib çıxmağı, onu qoruyub inkişaf etdirməyi xatırladır. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, ana dilimizi sevə-sevə danışsın, öyrənsin və gələcək nəsillərə ötürsün.

F.Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi