“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər…” — bu fikirlər Ümummilli Lider Heydər Əliyevin ana dilimizə olan sonsuz sevgisinin və yüksək dəyərləndirməsinin bir nümunəsidir. Bu sözlərdə yalnız bir fikri deyil, eyni zamanda millətimizin mədəni özünüdərkini, milli qürurunu və inkişaf yolunu görmək mümkündür.
Dil hər bir xalqın milli dəyərlərinin, tarixi yaddaşının, ədəbiyyatının və mədəniyyətinin əsas daşıyıcısıdır. Azərbaycan dili isə təkcə ünsiyyət vasitəsi yox, eyni zamanda xalqımızın ruhunun və tarixi yolunun ifadəsidir. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayıb ki, “Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu baxımdan, Azərbaycan dili yalnız bir dil deyil, xalqımızın birliyini və müstəqil varlığını yaşadan müqəddəs dəyərdir.
Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan dili ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur. Xüsusilə müstəqillik dövründə Azərbaycan dili dövlət dili statusuna qovuşmuş, bu status həm Konstitusiyada təsbit olunmuş, həm də praktiki həyatda həyata keçirilmişdir.
Azərbaycan əlifbasının 2001-ci ildə latın qrafikasına tam keçidi, ana dilinin rəsmi və texnoloji sahələrdə daha da geniş tətbiqini təmin etdi. Bu qərar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. Əlifba yalnız yazı vasitəsi deyil, milli kimliyin simvoludur. Latın qrafikalı əlifba həm dilimizin fonetik quruluşuna daha uyğun, həm də beynəlxalq inteqrasiyaya uyğundur.Bu keçidlə Azərbaycan dili həm milli dəyərlərini qorudu, həm də müasir dünyanın texnoloji və informativ tələblərinə uyğunlaşdı. Beləliklə, ana dilimiz həm tarixilik, həm də çağdaşlıq xüsusiyyətlərini daşıyan bir dil kimi inkişaf etdi.
Heydər Əliyevin dil siyasətinin əsas hədəflərindən biri də gənc nəslin Azərbaycan dilində tərbiyə olunması idi. “Hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin” — bu fikirdə yalnız dil öyrənmək deyil, həm də onu sevmək, yaşatmaq və təbliğ etmək çağırışı var.
Bu gün gənclər arasında Azərbaycan dilinin lüğət ehtiyatını zənginləşdirmək, ədəbi normaya uyğun danışığı təşviq etmək, sosial şəbəkələrdə ana dilində düzgün ifadələr işlətmək kimi məsələlər xüsusi aktuallıq kəsb edir. Əgər biz milli kimliyimizi gələcək nəsillərə daşımaq istəyiriksə, bu dildə danışmalı, yazmalı, düşünməli və sevməliyik.
Heydər Əliyevin qeyd etdiyi kimi, biz dilimizi təkcə dövlətin rəsmi sənədlərində və məktəblərdə yox, eyni zamanda xalqın içində də hakim dil etməliyik. Cəmiyyətin bütün sahələrində — elm, təhsil, incəsənət, texnologiya, informasiya və biznes sahəsində Azərbaycan dilinin tətbiqi genişlənməlidir. Bu, həm milli inkişafın əsası, həm də mədəni müstəqilliyin göstəricisidir.
Media orqanlarında, dövlət idarələrində, ictimaiyyətlə əlaqələrdə, hətta reklamlarda Azərbaycan dilinin düzgün, zəngin və təmiz formada istifadəsi zəruridir. Dilin keyfiyyəti, onun öyrədilməsi və qorunması həm dövlətin, həm də vətəndaşın borcudur.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu gün də öz aktuallığını qoruyur. Onun “Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik” fikri, hər birimizin üzərinə düşən vəzifəni göstərir. Ana dilimiz bizim ən böyük milli sərvətimizdir və bu sərvəti yaşatmaq, qorumaq və gələcəyə daşımaq hər bir vətəndaşın borcudur.
Azərbaycan dili — bizim milli kimliyimiz, qürurumuz və gələcəyə aparan yolumuzdur.
Aygün Nəzərli,
YAP Xətai rayon təşkilatının fəali,
Baki Avropa litseyinin əməkdaşı