Dil bir xalqın milli kimliyini, düşüncə tərzini, mədəni dəyərlərini və tarixini daşıyan ən əsas vasitədir. Ana dili isə bir millətin ruhunu yaşadan, onu digərlərindən fərqləndirən amildir. Hər bir xalqın mövcudluğu və inkişafı, onun dilinin yaşaması və inkişaf etməsi ilə birbaşa bağlıdır. Azərbaycan dili də bu baxımdan öz qədim tarixi, zəngin leksikası və ahəngdarlığı ilə diqqət çəkir. Lakin təəssüflə qeyd edilməlidir ki, müasir dövrdə ana dilimizin inkişafına süni şəkildə mane olan bir sıra hallar müşahidə olunur.
Qloballaşmanın təsiri ilə xüsusən ingilis dili bir çox sahədə üstünlük təşkil edir. Təhsil, texnologiya, iş dünyası və sosial media məkanında xarici dillərin geniş yayılması, gənclər arasında Azərbaycan dilinə olan marağı müəyyən qədər zəiflədir. Bəzən ana dili bilmək və ya düzgün danışmaq əvəzinə, ingilis və ya rus dilində danışmaq daha "prestijli" hesab olunur. Bu, milli kimliyimizə və ana dilimizin gələcək inkişafına mənfi təsir göstərir.
Sosial media platformalarında gənclər arasında geniş yayılan qeyri-formal yazışma tərzi, qısaldılmış sözlər və səhv yazılışlar dilin normativ qaydalarını pozur. Bu, Azərbaycan dilinin ədəbi və qrammatik normalarının unudulmasına səbəb ola bilər. Bəzi hallarda xarici dillərdən alınmış sözlərin lüzumsuz şəkildə işlədilməsi, dilimizin təmizliyinə xələl gətirir.
Böyük şəhərlərdə, xüsusilə də Bakı kimi mərkəzlərdə mağaza adlarının, reklam lövhələrinin və xidmət sahələrinin adlarının əsasən xarici dillərdə olması ana dilinin nüfuzunu azaldır. Bu cür hallar həm Azərbaycan Respublikasının Dil Qanununa ziddir, həm də gənc nəsildə ana dilinə qarşı laqeydlik yaradır. Halbuki hər bir dövlət öz rəsmi dilinin işlədilməsinə ciddi nəzarət etməli və onu təbliğ etməlidir.
Təəssüf ki, bəzi hallarda məktəb və universitetlərdə Azərbaycan dilinin tədrisinə yetərli diqqət ayrılmır. Xüsusilə texniki ixtisaslarda və ya xarici universitetlərin filiallarında tədrisin başqa dillərdə aparılması, tələbələrin Azərbaycan dilində akademik və peşəkar danışıq bacarıqlarını zəiflədir. Bu, gələcək nəsillərin ana dilində sərbəst düşünmə və ifadə etmə qabiliyyətinə mənfi təsir göstərir.
Ana dilimizin inkişafı üçün Azərbaycan dilinin işlədilməsinə dair qanunların icrası ciddi şəkildə yoxlanmalı, reklamlar, ictimai yazılar yalnız normativ Azərbaycan dilində olmalıdır, məktəb və universitetlərdə dil fənləri müasir metodlarla və maraqlı məzmunla öyrədilməlidir, televiziya, radio, sosial media platformalarında Azərbaycan dilinin düzgün və zəngin formada istifadə olunması təşviq edilməli, maarifləndirici layihələr, müsabiqələr, seminarlar vasitəsilə gənclərə dil sevgisi aşılanmalıdır.
Azərbaycan dili bizim kimliyimizin, tariximizin və gələcəyimizin təməlidir. Onun inkişafı və qorunması həm dövlətin, həm də hər bir vətəndaşın borcudur. Süni maneələrə qarşı mübarizə aparmaq, dilimizi sevərək danışmaq və gələcək nəsillərə bu dəyərləri aşılamaq milli vəzifəmizdir. Unutmayaq ki, dilini itirən xalq, zamanla kimliyini də itirər. Bu baxımdan, ana dilimizin inkişafı üçün hər birimiz fəal olmalı və ona sahib çıxmalıyıq.
Aygün Qocayev,
YAP Xətai rayon təşkilatının fəalı,
191 saylı məktəbin müəllimi