Azərbaycançılıq ideologiyasının qorunması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edirdi. O, böyük qürur hissi ilə bildirmişdir ki, fəxr edirəm ki, mən azərbaycanlıyam. Dahi Lider Heydər Əliyev hələ keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü büruzə vermişdir. Ümummilli Lider Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük hadisə idi. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.
Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox önəmli hadisələrlə yadda qaldı. Hər şeydən əvvəl milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa olundu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı, dilimizin adının dəyişdiliməsinin düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də Ulu Öndər tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.” Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində biri-birindən mühüm addımlar atır. Ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hamımızın müqəddəs borcu və gündəlik vəzifəsidir. Ana dilimizin saflığının qorunması günümüzün əsas çağırışları sırasındadır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri