31 iyul 2025 10:41
355

Milli kimliyimizin sütunu

Azərbaycan dili xalqımızın milli mənsubiyyətinin, tarixi yaddaşının və mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Ana dilinin qorunması və inkişafı həm milli dövlətçiliyin möhkəmləndirilməsi, həm də gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan dilinin bu müstəsna rolunu hər zaman vurğulayır və onun saflığının qorunmasını prioritet məsələ kimi dəyərləndirir.

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı mövqeyi haqqında danışsaq deyə bilərik ki,Prezident İlham Əliyev dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın varlığının əsas sütunlarından biri olduğunu dönə-dönə qeyd etmişdir. O bildirir ki, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”. Bu ifadə, təkcə ölkə daxilində deyil, eyni zamanda dünya azərbaycanlıları üçün dilimizin birləşdirici gücünü göstərir.

Azərbaycan Respublikasının Prezidenti dəfələrlə dilin zənginliyinə toxunaraq demişdir:

“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq.”

Bu fikirlər dilimizin tarix boyu yad təsirlərdən qorunduğunu, lakin müasir dövrdə bəzi təhlükələrlə üz-üzə qaldığını açıq şəkildə ifadə edir. Xarici sözlərin, xüsusən gündəlik danışıq və media dili vasitəsilə Azərbaycan dilinə daxil olması Prezidentin diqqət mərkəzindədir. O, bu meyllərə qarşı mübarizədə medianın və təhsil müəssisələrinin rolunu xüsusi vurğulayır.

Prezident İlham Əliyev ana dilini milli birliyin və dövlətçilik ənənələrinin simvolu kimi dəyərləndirir. O, çıxışlarında qeyd edir: 

“Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli-mənəvi dəyərlər olub.”

Bu fikir, dilin yalnız kommunikativ vasitə deyil, həm də milli müqavimətin, varlığın və kimliyin daşıyıcısı olduğunu göstərir. Xüsusən də müstəqillikdən öncəki dövrdə Azərbaycan dilinin yaşaması xalqımızın öz kimliyini itirməməsinin əsas səbəblərindən biri olmuşdur.

Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı çoxşaxəli yanaşma sərgiləmişdir. O bildirir ki, “Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoloji, etimoloji lüğətlərinin hazırlanıb çap olunmasında nizamsızlıq aradan qaldırılmalıdır.” Bu çağırış dilin elmi bazasının möhkəmləndirilməsi, normativ qaydalarının təkmilləşdirilməsi və dilçilik elminin inkişafı üçün mühüm istiqamət müəyyən edir.

Bundan əlavə, Prezident azərbaycanlıların yaşadığı xarici ölkələrdə də dilin öyrənilməsi və qorunmasına diqqət çəkərək, dialekt və ləhcələrin tədqiqinin, folklorun toplanmasının və təbliğinin vacibliyini qeyd edir.

Azərbaycan dilinin saflığının qorunmasında medianın rolu danılmazdır. Prezident İlham Əliyev bu məsuliyyəti açıq şəkildə dilə gətirərək bildirir: 

“Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir.”

Burada həm KİV-ə, həm də maarifləndirmə strukturlarına birbaşa çağırış mövcuddur. Dilin qorunması yalnız dövlətin vəzifəsi deyil, hər bir vətəndaşın borcudur. Prezident bu məsələni ümummilli bir çağırış kimi təqdim edir:

 “Azərbaycan dilinin qorunması hər kəsin borcudur.”

Azərbaycan dilinin əhəmiyyətini artıran mühüm addımlardan biri də 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunmasıdır. Bu təşəbbüs Ümummilli Lider Heydər Əliyevin iradəsi ilə başlasa da, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin gün Azərbaycan dilinə diqqətin artırılması, yeni nəslin bu dildə düzgün danışması və yazmasının təşviq olunması baxımından vacib simvoldur.

Prezident İlham Əliyevin Azərbaycan dilinə olan münasibəti və bu sahədə atdığı ardıcıl addımlar göstərir ki, ana dilimizin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Dilimiz təkcə keçmişin yadigarı deyil, həm də gələcəyin mayasıdır. Onun saflığını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə doğru şəkildə ötürmək hər bir vətəndaşın borcu olmaqla yanaşı, milli kimliyimizin qorunmasının əsas yoludur.

Azərbaycan dili xalqımızın mənəviyyatının, milli kimliyinin və tarixinin daşıyıcısıdır. Bu dil əsrlər boyu həm işğallar, həm ideoloji təzyiqlər, həm də assimilyasiya siyasətlərinə qarşı müqavimət vasitəsi olmuşdur. Müstəqillik dövründə isə dilimizin inkişafı və qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu istiqamətdə Prezident İlham Əliyevin mövqeyi xüsusi önəm daşıyır. O, dilimizin təkcə dövlətin rəsmi dili kimi yox, həm də xalqımızın vəhdətini və müasir inkişafını təmin edən əsas vasitə kimi dəyərləndirilməsinin zəruriliyini dəfələrlə vurğulamışdır.

Elmira Ağayeva,
YAP Xətai rayon təşkilatının fəalı,
17 saylı məktəbin müəllimi