07 avqust 2025 09:00
194

Azərbaycan-ABŞ əlaqələrinin tarixində dönüş nöqtəsi - ŞƏRH

Prezident İlham Əliyevin ABŞ səfəri həm iki ölkə, həm də region üçün böyük və əhəmiyyətli nəticələrlə hesablanıb

Məlumdur ki, bu gün ABŞ Prezidenti cənab Donald Tramp Azərbaycan- Ermənistan arasında müzakirə olanan sülhün reallaşmasına dəstək verən dünya liderlərindədir. Bunu Azərbaycan xalqı görür və dəstəkləyir. Nəzərə alaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda məhz bu məqamları nəzərdə tutaraq demişdir: «Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası «Dağlıq Qarabağ» məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, «Dağlıq Qarabağ» sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər».

Buradan aydın görünür ki, ötən il ABŞ-da hakimiyyətə Tramp yox, Kamala Harris gəlsəydi  heç şübhəsiz ki,  sabiq prezident Baydenin imzaladığı və qatı antiAzərbaycan məzmunlu ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası indi tam işlək halda olacaqdı. Bu isə tamamilə Ermənistana dəstək aktı idi. İndi  belə nəticəyə gəlirik ki, haqqında söz açdığımız sülh prosesini ləngitmək və Trampın mövqelərini zəiflətmək ermənipərəstlərin əsas planlarının tərkib hissəsidir. Bu yerdə Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumu çərçivəsində Xankəndidə səsləndirdiyi daha bir fikir də yada düşür. Ölkəmizin başçısı cənab Trampdan gözləntilərinin böyük olduğunu xüsusi qeyd edib: «Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.»  Prezident İlham Əliyevin ABŞ-Azərbaycan münasibətlərinə dair sualı cavablandırarkən verdiyi açıq, qətiyyətli və gələcəyə yönəlik mesajları Xankəndidən Vaşinqtona ünvanlanan siyasi ismarışlar kimi qiymətləndirildi.

Az sonra belə qətiyyətli və vaxtında deyilmiş sözlərin diplomatik nüfuzu özünü göstərməyə başladı. Yəni, ABŞ Prezidenti Donald Trampın bu sözlərə verdiyi reaksiya gündəm oldu. Bu il iyulun 22-də o, «Truth» sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni öz sosial şəbəkə hesabında paylaşdı. Bu paylaşım bir tərəfdən Prezident İlham Əliyevin fikirlərinə verilən açıq və rəsmi bir cavab, digər tərəfdən isə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair mühüm bir mesaj kimi dəyərləndirildi. Onun bu jesti, sadəcə, diplomatik nəzakət deyil, həm də strateji tərəfdaşlığa verilən dəyərin göstəricisidir. Yəni, iki ölkə arasında qarşılıqlı hörmətə və siyasi iradəyə əsaslanan dialoqun dərinləşdiyini göstərən daha bir önəmli hədisədir.

Az sonra, yəni iyulun 22 də isə Prezident İlham Əliyev  «X» sosial şəbəkə plaformasında Trampın onun Şuşa Forumundakı çıxışından sitat paylaşmasına münasibət bildirərək qeyd edib: «Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.»

Məlumdur ki,  Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılacaq müzakirələrin bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir. Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

Bu gün Prezident Trampın həm ölkəmizə, həm də Prezident İlham Əliyevə olan rəğbəti açıq şəkildə hiss edilir. Eyni zamanda, bu səmimi münasibətlər qarşılıqlıdır. Belə ki, Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə 2024-cü il noyabrın 25-də Donald Trampla telefonla danışıb. Ölkəmizin başçısı telefon danışığında vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu ifadə edib. Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı  2025-ci il 21 yanvar tarixli  məktubunda isə onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Birləşmiş Ştatlarla əməkdaşlığın perspektivlərinə toxunaraq qeyd edib: «Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir».

İki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha bir təzahürü kimi Prezident İlham Əliyevin Vaşinqton yaxınlığında baş vermiş faciə ilə əlaqədar 2025-ci il yanvarın 30-da Prezident Donald Trampa başsağlığı məktubu ünvanlamasını göstərmək olar. Azərbaycan Prezidenti öz adından və xalqımız adından ABŞ Prezidentinə, həlak olanların ailələrinə və Amerika xalqına dərin hüznlə başsağlığı verib. Bu da bir daha göstərir ki, Azərbaycan–ABŞ əlaqələri təkcə siyasi və iqtisadi deyil, həm də humanitar və insani cəhətdən səmimiyyətə və həmrəyliyə əsaslanır.

ABŞ Prezidenti Donald Trampın da 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan səmimi ifadələr bir daha göstərir ki, hər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın yeni mərhəlsi başlayır. Məktubda qeyd olunub ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: « Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.»

Burada ən önəmli məqam odur ki. Azərbaycanın terrorizm və separatizmə qarşı mübarizəsi ABŞ-ın yeni hakimiyyəiti tərəfindən birmənalı olaraq dəstəklənir. Yəni, Vaşinqton həm İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizi, həm də 2023-cü lin sentyabrındakı birgünlük lokal antiterror tədbirlərinin nəticələrini tanıyıyr. Bir sözlə, həm ərazi bütölüyümüzün, həm də suverenliyimizin bərpa edilməsi Azərbaycanın haqlı işi hesab edilir. 

ABŞ- Azərbaycan əlaqələrinin son 30 illik  tarixinə nəzər yetirsək görərik ki, bizim bu ölkə ilə çoxşaxəli əlaqələrimiz var. Belə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan ABŞ və NATO ilə «Sülh naminə tərəfdaşlıq» və «Fərdi tərəfdaşlıq» proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Həmçinin iki ölkə arasında enerji sahəsində geniş əməkdaşlıq mövcuddur. Ancaq Bayden administrasiyası zamanında münasibətlərdə ciddi problemlər yaşandı. İndi Tramp adminstrasiyasının özündən əvvəlki hakimiyyətin qərəzli səhvlərini aradan qaldırıcağına inam böyükdür. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

Prezident İlham Əliyevin ABŞ-a bu dəfəki səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır. Ümidvarıq ki, xüsusilə bu səfər Ermənistanı qeyd-şərtsiz dəstəkləməyə çalışan Fransa Prezidenti Emmanuel Makronun birtərəfli siyasətinə, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərən Avropa Parlamentinin təzyiq ritorikasına, qərəzli beynəlxalq hüquq müdafiə təşkilatlarının («Amnesty International», «Human Rights Watch» və s.) əsassız ittihamlarına, habelə ermənipərəst mövqe tutan diaspor təşkilatlarının və siyasətçilərin, o cümlədən Frenk Pallone və Adam Şiff kimi şəxslərin təbliğat səylərinə ciddi zərbə vuracaq.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi tarixə düşməkdədir. Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan «5 əsas prinsip» regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa yaxındır. ABŞ səfəri çərçivəsində keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunə olacaq.

Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Ümid edirik ki, bu səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı olacaq - sülhdən inkişafadək uzanan strateji yolun əsasını qoyacaq

Həmçinin cənab Trampın Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı təşəbbüskarlığı və vasitəçilik cəhdləri müasir diplomatiya tarixində mühüm presedentlərdən biri - 1978-ci ildə imzalanmış Kemp-Devid razılaşması ilə müqayisə oluna bilər. O zaman Misir və İsrail arasında illərlə davam edən münaqişəyə ABŞ Prezidenti Cimmi Karterin rəhbərliyi ilə son qoyulmuş və Yaxın Şərqdə tarixi sülh razılaşması əldə edilmişdi. Bu razılaşma ABŞ diplomatiyasının ən uğurlu vasitəçilik aktlarından biri kimi tarixdə qalıb.

Elçin Zaman, «İki sahil»