2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı imzalanan sənədlər və keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan diplomatiyasında və xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması məqsədilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması qərara alınıb.
Prezident İlham Əliyev bu hadisəni “tarixi gün” adlandıraraq vurğulayıb ki, bu qərar yalnız Azərbaycan üçün deyil, həm də regionun bütövlükdə gələcəyi üçün ciddi təsirə malik olacaq. Strateji İşçi Qrupu yaxın aylarda konkret istiqamətlər üzrə əməkdaşlıq sənədlərini hazırlayacaq və tərəfdaşlığın hüquqi çərçivəsini formalaşdıracaq. Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması anlamına gəlir.
Strateji tərəfdaşlıq çərçivəsində energetika, nəqliyyat, süni intellekt, müdafiə sənayesi, kibertəhlükəsizlik, ticarət və sərmayə kimi mühüm sahələrdə birgə layihələr həyata keçiriləcək. Bu isə Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə, texnoloji yeniliklərə açıq olmasına və regional güc kimi artan roluna uyğundur.Prezidentin qeyd etdiyi kimi, bu cür razılaşmalar bölgədə sülhün və rifahın təmin edilməsinə də töhfə verəcək. Xüsusilə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin bitməsi fonunda əldə edilən yeni razılaşmalar regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərə bilər. Bu istiqamətdə aparılan diplomatik addımlar yalnız siyasi deyil, həm də humanitar baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu səviyyədə beynəlxalq tərəfdaşlığa daxil olması həm də ölkənin daxili sabitliyi, iqtisadi inkişafı və sosial rifahı üçün yeni imkanlar yaradacaq. Əldə edilən bu irəliləyiş, həmçinin ABŞ kimi bir güc mərkəzi ilə strateji əməkdaşlığın daha da dərinləşməsini təmin edəcək.
Strateji İşçi Qrupunun yaradılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qərarı yalnız bu gün üçün deyil, Azərbaycanın gələcək inkişaf perspektivləri üçün də ciddi əsas yaradır. Prezident İlham Əliyevin “bu günü tarixi bir gün” adlandırması, ölkəmizin dünya siyasi arenasında yeni mövqeyini və diplomatik gücünü bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər arasında ən önəmlisi Prezident Donald Tramp ilə baş tutan ikitərəfli görüş oldu. Bu görüş iki ölkə arasında münasibətlərin real məzmun kəsb etməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əlamətdar hadisə kimi yadda qaldı.Görüş olduqca səmimi və dostluq şəraitində keçdi. Hər iki lider ölkələr arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasının vacibliyini vurğuladı. Prezident İlham Əliyev, Azərbaycan xalqının maraqlarını əsas tutaraq, regional sabitlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və müdafiə sahəsində birgə layihələrin reallaşdırılması ilə bağlı konkret mövqeyini ortaya qoydu. Prezident Tramp isə Azərbaycanın strateji mövqeyini və Cənubi Qafqaz regionundakı rolunu yüksək qiymətləndirdi.
Pərvanə əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı