01 noyabr 2016 15:29
342

Partlayış “Qazprom”un ixracını artırıb

İrandan Türkiyəyə yönələn təbii qaz boru xəttində baş verən partlayış Van şəhərini qazsız qoyub. Şəhərdə bir neçə gün ərzində ehtiyat qaz istehlak olunsa da, artıq bu qaz da bitib. Təbii qaz nəqlinin çərşənbə günü bərpa edilməsi gözlənilir. Artıq Türkiyənin Rusiyanın “Qazprom” şirkətindən qaz nəqlinin artırılması ilə bağlı müraciəti əsasında bu ölkəyə ixrac edilən qazın həcmi 9,3 faiz artaraq gündəlik 82,1 milyon kubmetrə çatdırılıb.

Hazırda partlayışın təxribat olması versiya üzərində araşdırmalar aparılır. İran tərəfi isə partlayışın Türkiyə daxilindəki müxalif qüvvələr tərəfindən törədildiyini bildirir. Partlayışın PKK tərəfindən də törədilə biləcəyi istisna edilmir.

Maraqlıdır ki, bir müddət əvvəl “Qazprom” şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedev şirkətin təsisçisi olduğu nəşrə müsahibəsində bu il Türkiyəyə ixrac ediləcək təbii qazın həcminin 9,2 faiz azalacağını bildirib. Türkiyənin “Qazprom”un  Almaniyadan sonra ikinci ən böyük müştərisi olduğunu diqqətə çatdıran A.Medvedev ötən il bu ölkəyə 27 milyard kubmetr qaz ixrac edildiyini, 2016-cı ildə isə bu rəqəmin 24,5 milyard kubmetr olacağını qeyd edib.

A.Medvedev, həmçinin “Qazprom”un Türkiyəyə qaz nəqlini sərhədə qədər həyata keçirdiyini, sonrakı mərhələnin türk şirkətləri tərəfindən davam etdirildiyini vurğulayıb. O, “Qazprom”un bəlli şərtlər çərçivəsində Türkiyənin təbii qaz sektorunda fəaliyyət göstərmək istədiyini, bu sahədə mövcud olan və ya yeni bir layihədə təmsil oluna biləcəklərini bəyan edib.  

Ceyhun Piriyev, “İki sahil”